Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Girdəni kəndində keçirib
Sentyabrın 20-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü Girdəni kəndinin sakinləri ilə keçirib. Qəbul-görüşdə icra başçısı ilə birlikdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər. Taleh Qaraşov ilk olaraq sevindirici xəbəri yerli insanlarla bölüşüb və bütövlükdə rayon ictimaiyyətini antiterror əməliyyatlarında qələbə qazanmağımız münasibətilə təbrik edib: “Terroristlər ağ bayraq qaldırdılar, Azərbaycanın bütün şərtlərini qəbul etdilər. Təbii ki, bütün bunlar cənab Ali Baş Komandanın müdrik siyasəti, xalqımızın birliyi və ordumuzun gücü nəticəsində mümkün oldu, şəhidlərimizin qanı yerdə qalmadı, bir daha sübut etdik ki, Dəmir Yumruq yerindədir”.
Daha sonra icra başçısı yerli insanların qayğı və problemlərini dinləyib. Bildirilib ki, dövlətin siyasi xəttinin mərkəzində insan amilinin dayanması vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin, qarşılıqlı açıq dialoq mühitinin formalaşması, dövlət qulluğunun xalqa xidmət mənasını ifadə etməsi zərurətini yaradır. Lənkəran ŞİH başçısı cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaş məmnunluğunun təmin olunmasına xüsusi diqqət ayırdıqlarını və daim sözügedən məsələnin şəxsi nəzarətlərində saxladıqlarını vurğulayıb. Onun sözlərinə görə, səyyar qəbul-görüşlərin keçirilməsində məqsəd yerli sakinlərin şəxsi və ümumi problemlərinin öyrənilməsi, onların həlli istiqamətində müvafiq addımların atılması, insanların həyat və şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilməsidir. Girdəni kəndinin sakinlərinin qayğı və problemlərini dinləyən T.Qaraşov qaldırılan məsələlərə həssaslıqla yanaşıldığını və hər birinin həlli ilə bağlı vətəndaşlara qanunamüvafiq formada cavablar veriləcəyini vurğulayıb. Qeyd edək ki, icra hakimiyyətinin səlahiyyətlərinə aid bütün məsələlər yerindəcə həllini tapıb.
Girdəni kəndinin sakinləri ordumuzun uğurlu antiterror əməliyatlarına sevindiklərini, hər zaman Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdirklərini vurğulayıblar. Yerli insanlar eyni zamanda vətəndaşla məmur arasındakı birbaşa dialoq mühitinin günü-gündən inkişaf etməsinə, onların qayğı və problemlərinin həllinə yönəlik çevik addımların atılmasına, qaldırdıqları istənilən məsələyə operativ və obyektiv yanaşmanın ortaya qoyulmasına görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.