Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Aşağı Nüvədi qəsəbəsinin və Küvənil kəndinin sakinləri ilə keçirib
Cənab Prezidentin bütün göstəriş və tələblərini gündəlik fəaliyyətində rəhbər tutan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yerlərdə sakinlərlə açıq formatda dialoqun qurulması istiqamətində növbəti səyyar qəbul-görüşünü aprelin 19-da Aşağı Nüvədi qəsəbəsinin və Küvənil kəndinin sakinləri ilə keçirib.
Vətəndaşların maneəsiz, könüllü şəkildə fikir və istəklərinin rayon rəhbərliyinə çatdırılmasına tam şəraitin yaradıldığı qəbul-görüşdə Lənkəran ŞİH-nin başçısı bildirib ki, heç bir müraciət diqqətdən kənar qalmır və qaldırılan bütün məsələlər şəxsən onun nəzarəti altındadır. Qeyd olunub ki, yerlərdə keçirilən səyyar qəbul-görüşlər insanların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunması məqsədini daşıyır. Taleh Qaraşov icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll olunan bütün məsələlərin yerindəcə həll olunması üçün göstərişlərini verib. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciət olunması və nəticəsi barədə vətəndaşlara qanunamüvafiq vaxtda və formada cavablar verilməsi tapşırılıb.
Qarşılıqlı açıq dialoq şəklində baş tutan qəbul-görüşdə Aşağı Nüvədi qəsəbəsinin və Küvənil kəndinin sakinləri onları narahat edən problemləri birbaşa icra başçısına söyləyə bildiklərinə, habelə onların həllindən ötrü səmimi yanaşma gördüklərinə görə T.Qaraşova minnətdarlıqlarını ifadə ediblər.
Yerli sakinlər dövlət idarələrinin və bütün xidmət sahələrinin nümayəndələrinin səyyar görüşdə iştirakının qaldırdıqları problemlərin yerindəcə həllinə köməklik etdiyini vurğulayıblar. Vətəndaşlara göstərilən diqqət və qayğının son dövrlər daha da artmasına, insan amilinin sosial dövlət quruculuğu prosesində mərkəzdə dayanmasına və sosial-iqtisadi layihələrin uğurlu tətbiqi nəticəsində gündəlik həyat səviyyələrinin hiss olunacaq şəkildə artmasına görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını qeyd ediblər.