Taleh Qaraşov növbəti səyyar görüşünü Xolmili kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib
İyulun 24-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Xolmili kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.
Qəbul-görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.
Taleh Qaraşov yerli sakinlərə ötən səyyar görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə məlumat verib, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və obyektiv qaldırılan bütün məsələlərin həllini tapdığını, digər məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlandığını vurğulayıb.
İcra başçısı dövlət başçısının tapşırığına uyğun olaraq yerlərdə səyyar görüşlərin keçirilməsinin önəmindən danışıb və qeyd edib ki, məqsəd vətəndaşları birbaşa dinləmək, onları narahat edən problemlərin həllinə köməklik göstərmək və yerlərdə qaldırılan məsələlər barədə aidiyyəti qurumlara müraciətlər ünvanlamaqdır. Taleh Qaraşov sakinlər tərəfindən qaldırılan məsələlərin şəxsi nəzarətində olduğunu və heç bir müraciətin diqqətdən kənar qalmadığını bildirib.
Hər zaman dövlətə və dövlətçiliyə bağlı olan Xolmili sakinləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial-iqtisadi sahəyə ayırdıqları diqqət nəticəsində ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildiriblər və buna görə onlara minnətdarlıqlarını qeyd ediblər.