Taleh Qaraşov növbəti səyyar görüşünü Lənkəran şəhər sakinləri ilə keçirib
Noyabrın7-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulu Heydər Əliyev Mərkəzində Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Görüş-qəbulda icra hakimiyyəti aparatının məsul şəxsləri və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.
İcra başçısı ötən görüş-qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə şəhər sakinlərinə məlumat verib. Bildirilib ki, yerli icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan bütün məsələlər müsbət həllini tapıb, digər məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb və bu barədə vətəndaşlara qanunamüvafiq formada və vaxtda izahatlar verilib. Taleh Qaraşov daha sonra şəhər əhalisini narahat edən problemləri dinləyib və onların həlli ilə bağlı müvafiq qeydlərin aparılmasını və ən qısa zamanda bu istiqamətdə görülən işlər barədə vətəndaşa qanunamüvafiq cavab verilməsini tapşırıb. İcra başçısı qeyd edib ki, Lənkəran rayonunun ən böyük iki problem mövcuddur: “Yeni kanalizasiya sisteminin inşası və ərazidə utlizasiya zavodunun tikintisinin həyata keçirilməsi Lənkəranın ən böyük problemləridir. Biz bu istiqamətdə bütün aidiyyəti qurumları məlumatlandırmışıq, eyni zamanda, qeyd etməliyəm ki, yeni utilizasiya zavodunun tikintisi ilə bağlı bir neçə istiqamət üzrə fəaliyyətimiz davam edir. Xarici investorlarla görüşlər keçirilib, layihələr təqdim edilib, hazırda məsələ rentabelliyin qiymətləndirilməsi mərhələsindədir. Bununla yanaşı, Bakıda fəaliyət göstərən utilizasiya zavodundan da təkliflər almışıq. Biz bu sahədə mümkün olan nə varsa, etməyə tam hazırıq”.
Şəhər əhalisi mövcud problemlərin həlli istiqamətində atılan addımları yüksək qiymətləndirib və son zamanlar ərazidə aparılan abadlıq-quruculuq işlərini, yeni yolların çəkilməsini və şəhərdə sosial infrastrukturun inkişafına yönələn işləri təqdir ediblər. Bütün bunlara görə isə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi təşəkkür ediblər.