Taleh Qaraşov növbəti səyyar görüşünü Göyşaban və Ürgə kəndlərinin sakinləri ilə keçirib
Vətəndaşlara xidmət və onların müraciətlərinə həssas münasibət göstərilməsi cənab Prezident İlham Əliyev tərəfindən bütün dövlət məmurları qarşısında qoyulan prioritet məsələlərdəndir. Yerlərdə vətəndaşların müraciətlərinə birbaşa və vasitəçi olmadan baxılması üçün Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü dekabrın 1- də Göyşaban və Ürgə kəndlərinin sakinləri ilə keçirib. Səyyar qəbul-görüşdə icra başçısı ilə birlikdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunduğu tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dövlət başçısının göstəriş və tövsiyələrinə uyğun olaraq vətəndaşların müraciətlərinə həssas yanaşılması istiqamətində məmurların yerlərdə insanlarla üzbəüz dialoq qurmasının önəmini vurğulayıb. Ölkə başçısının uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının dayandığını qeyd edən icra başçısı bildirib ki, sosial müdafiə və aktiv məşğulluq proqramlarının uğurla davam etdirilməsi, əhəmiyyətli dərəcədə genişlənməsi və sosial təminat sisteminin dəfələrlə güclənməsi sözügedən məqsədə xidmət edir.
Kənd əhalisinin qaldırdığı bütün müraciətlər həssaslıqla dinlənilib, icra hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlər yerindəcə həllini tapıb, yerli icra hakimiyyətinin səlahiyyətlərin’ aid olmayan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə qurumlara rəsmi müraciətlərin ünvanlanması tapşırıqları verilib. T. Qaraşov yerli insanları narahat edən heç bir məsələyə biganə qalınmayacağını və qaldırılan məsələlərin həlli ilə bağlı vətəndaşlara qanunamüvafiq müddətdə cavablar veriləcəyini qeyd edib. İcra başçısı dövlət və vətəndaş arasında münasibətlərin və qarşılıqlı etimadın əyani vasitəsi olan vətəndaş müraciətlərinə baxılmasında şəffaflığın və nəzarətin gücləndirilməsinin xüsusi önəm kəsb etdiyini vurğulayıb.
Kənd əhalisi də hər kəsə fikir və istəklərini sərbəst söyləyə bildikləri üçün yaradılan şəraitə görə məmnuniyyətlərini və təşəkkürlərini ifadə ediblər. Yerli sakinlər çıxışlarında dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildiriblər və buna görə onlara minnətdarlıqlarını ifadə ediblər.