Taleh Qaraşov növbəti səyyar görüşünü dağ kəndi olan Şovuda keçirib
"Vətəndaş məmnunluğunun təmin edilməsi, qaldırılan məsələlərin həllinə obyektiv yanaşılması və problemlərin çözümüylə bağlı əlverişli mexanizmlərin təklif edilməsi bütün dövlət məmurları qarşısında qoyulan başlıca tələblərdəndir". Bunu Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov noyabrın 23-də Şovu kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirdiyi səyyar qəbul-görüşü zamanı ifadə edib. Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və təşkilatların nümayəndələrinin iştirak etdiyi qəbul-görüşdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. İcra başçısı öncəliklə əhalinin həssas təbəqəsindən olan insanları dinləyib və qayğılarıyla maraqlanıb. Taleh Qaraşov icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin həlli ilə bağlı yerindəcə göstərişlərini verib, bütün məsələlərin şəxsi nəzarətində olduğunu vurğulayıb. Şəhid ailələrinin, qazilərin və Vətən müharibəsi iştirakçılarının daim diqqət mərkəzində saxlanıldığını vurğulayan icra başçısı qeyd edib ki, dövlət hər zaman onların qayğı və problemlərinə həssas yanaşır və bütün gücü ilə onların yanındadır. Taleh Qaraşov bildirib ki, hər bir Azərbaycan vətəndaşı onun arxasında hüquq və mənafelərini qoruyan qalib dövlətin olduğuna əmindir. Icra başçısı Vətən müharibəsindən sonrakı dövrü analiz edərək qeyd edib ki, ötən müddətdə ölkəmiz istər sosial-iqtisadi, istər siyasi, istər hərbi, istərsə də diplomatik baxımdan kifayət qədər geniş və əsaslı inkişaf yolu keçib. Onun sözlərinə görə, “Böyük Qayıdış”ın təmin olunması istiqamətində atılan addımlar, Qarabağda yenidənqurma, bərpa işlərinin sürətlə davam etdirilməsi, pensiya və maaşların artırılması, beynəlxalq müstəvidə regionumuzda cərəyan edən bütün siyasi və iqtisadi proseslərlə bağlı ölkəmizin mövqeyinin əsas götürülməsi bunun sübutudur. Taleh Qaraşov vurğulayıb ki, ölkə başçısı cənab İlham Əliyevin siyasi xəttinin mərkəzində insan amilinin dayanması, Vətən müharibəsindən sonra formalaşan yeni ictimai-siyasi şərait və xalqla dövlətin vəhdəti yeni idarəçilik mexanimzlərinin formalaşmasını şərtləndirir: “Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yerlərdə hər bir vətəndaşın dinlənilməsi, onların problem və qayğılarının ətraflı öyrənilməsi, qaldırılan məsələlərin həlli üçün mövcud imkanların təhlil olunması və vətəndaşın məmnunluğunun təmin edilməsi prioritet məsələlərdir”.
İcra başçısı narkomaniyaya və erkən nikaha qarşı görülən tədbirlər barədə danışaraq deyib ki, bu istiqamətdə insanların maarifləndirilməsinin əhəmiyyətli dərəcədə önəmi var. Lənkəran ŞİH-nin sözügedən məsələlərə aidiyyəti qurumlarla birgə xüsusi həssaslıqla yanaşıldığını qeyd edən Taleh Qaraşov məsələnin ciddi şəkildə nəzarət altında saxlanıldığını vurğulayıb. Onun sözlərinə görə, bu istiqamətdə məsuliyyət ilk növbədə valideynlərin üzərinə düşür: “Valideynlər azyaşlı övladlarını erkən nikaha cəlb etməklə onların taleyini məhv etdiklərini zamanla anlayırlar, bu isə bəzən çox gec olur. Ona görə də hər birimiz çalışdığımız sahələrdə bu məsələnin təbliğatçısına çevrilməliyik, çünki gənclər bizim gələcəyimizdir, onların həyatını məhv etməyə bizim haqqımız yoxdur”.
Dağ kəndinin problemlərinin həlli üçün atılan hər bir addımı məmnuniyyətlə qarşılayan Siyabli, Şovu və Təngivan kəndlərinin sakinləri yerində bir çox məsələlərin həll olunduğuna, fikir və narahatlıqlarını sərbəst ifadə etmək üçün yaradılan səmimi qəbula görə rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Yerli insanlar çıxışlarında
dövlətimizin başçısı cənab İlham Əliyevın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildiriblər və buna görə onlara minnətdarlıqlarını ifadə ediblər.