Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Səpnəkəran kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib
Oktyabrın 23-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Səpnəkəran kənd inzibati ərazi dairəsinə daxil olan Səpnəkəran, Mikolan və Yuxarı Nüvədi kəndlərinin sakinləri ilə keçirib. Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.
İcra başçısı Taleh Qaraşov ötən görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinlərə məlumat verib. Onun sözlərinə görə, ədalətli qaldırılan və yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlər həllini tapıb, digər məsələlər barədə aidiyyəti yuxarı qurumlara rəsmi müraciətlər ünvanlanıb, bu barədə vətəndaşlar qanunamüvafiq müddətdə məlumatlandırılıblar. T.Qaraşov qeyd edib ki, vətəndaşların müraciətlərinə yerində baxılması və qaldırılan məsələlərin həssaslıqla araşdırılaraq həllindən ötrü operativ tədbirlərin görülməsi istiqamətində dövlət başçısı cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarından irəli gələn vəzifələri yerinə yetirmək yerli icra hakimiyyətinin gündəlik fəaliyyətinin əsas istiqamətlərindəndir.
Yerli insanların qaldırdıqları müraciət və təkliflər diqqətlə dinlənilib, həllindən ötrü aidiyyəti qurumlara göstəriş və tövsiyələr verilib.Səpnəkəran, Mikolan və Yuxarı Nüvədi kəndlərinin sakinləri də qaldırdıqları məsələlərə həssas yanaşıldığına, dövlət məmurları ilə birbaşa və maneəsiz dialoq qura bildiklərinə, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində əhəmiyyətli addımların atılmasına görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.