Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov növbəti səyyar görüş qəbulunu Separadi kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib

18 aprel 2024 | 11:44

     Aprelin 17-dəLənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Separadi kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar görüş-qəbulda icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.

     T.Qaraşov yerli insanlara ötən səyyar qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə məlumat verib. Bildirilib ki, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan və ədalətlə qaldırılan bütün məsələlər həllini tapıb, digər məsələlər barədə isə aidiyyəti yuxarı dövlət orqanlarına rəsmi müraciətlər ünvanlanıb və bu barədə vətəndaşlar məlumatlandırılıblar. Onun sözlərinə görə, səyyar görüş-qəbullar dövlət başçısının göstərişinə uyğun olaraq keçirilir və məqsəd yerlərdə vətəndaşları narahat edən məsələləri öyrənmək, onların həlli mexanizmini müəyyən etmək, bu istiqamətdə aidiyyəti qurumlar qarşısında təkliflər irəli sürmək və məsələ qaldırmaq, nəticə etibarı ilə vətəndaş məmnunluğunun təmin edilməsinə nail olmaqdır. Taleh Qaraşov çıxışında vətəndaşların məşğulluğunun təmin olunması məsələsinə toxunub və bildirib ki, kəndlərdə vətəndaşların təsərrüfatla məşğul olması üçün bütün imkanlar mövcuddur və dövlət bu məsələdə müxtəlif layihələr həyata keçirir, güzəştlər tətbiq edir.

    İcra başçısı yerli insanlar tərəfindən qaldırılan hər bir məsələni təmkin və səbrlə dinləyib, aidiyyəti üzrə qurumlara tapşırıq və tövsiyələrini verib. Taleh Qaraşov qeyd edib ki, hər bir müraciət onun şəxsi nəzarətindədir və nəticə barədə vətəndaşlara qanunvericiliyə uyğun formada və müddətdə cavab veriləcək.

      Separadi və Tükəvilə kəndlərinin sakinləri də öz növbəsində səmimi qəbula görə rayon rəhbərliyinə təşəkkür ediblər. Yerli sakinlər vətəndaş-məmur münasibətlərindəki məmnunluq səviyyəsinin artdığını, istənilən müraciətlərinə həssas yanaşıldığını vurğulayıblar və bütün bunlara görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

 

Keçidlər