Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Şağlaser kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib
Aprelin 3-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Şağlaser kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər. Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov ötən görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli insanları məlumatlandırıb. Bildirilib ki, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və ədalətli qaldırılan bütün məsələlər həllini tapıb, digər məsələlər barədə aidiyyəti üzrə yuxarı dövlət qurumlarına müraciətlər ünvanlanıb və bu barədə vətəndaşlara məlumat verilib. İcra başçısı qeyd edib ki, dövlət başçısı cənab İlham Əliyevin göstərişinə uyğun olaraq vətəndaşların bütün müraciətlərinə həssas yanaşılır, araşdırılır, həlli istiqamətində uyğun mexanizmlərin tapılmasına ciddi cəhdlə çalışılır və nəticə barədə qanunamüvafiq müddətdə cavabların verilməsi təmin edilir.Onun sözlərinə görə, vətəndaş müraciətlərinə baxılmasında şəffaflıq tam təmin edilib, heç bir müraciət diqqətdən kənarda qalmır. İcra başçısı yerli insanları diqqətlə dinləyib, qaldırdıqları məsələlərin həlli istiqamətində aidiyyəti səlahiyyətli şəxslərə tapşırıq və tövsiyələrini verib.
Şağlaser kəndinin sakinləri görüş-qəbuldan və səmimi yanaşmadan məmnun qalıblar.Yerli insanlar vətəndaş məmnunluğunun təmin olunmasına, vətəndaşla dövlət qurumları arasında birbaşa dialoq mühitinin formalaşmasına və qaldırdıqları məsələlərə dərhal reaksiya verilməsinə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.