Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Qurumba inzibati ərazi dairəsinin sakinləri ilə keçirib
Dekabrın 20-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq cari ildə sonuncu səyyar görüş-qəbulunu Qurumba imzibati ərazi dairəsinin sakinləri ilə keçirib. İcra başçısı ilə birgə səyyar görüşdə icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, yerli idarə və təşkilatların nümayəndələri iştirak ediblər.
Taleh Qaraşov ötən səyyar görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə Qurumba və Narbağı kəndlərinin sakinlərinə məlumat verib. Bildirilib ki, icra hakimiyyətinin səlahiyyətləri daxilində olan və ədalətli qaldırılan məsələlərin hər biri öz müsbət həllini tapıb. Onun sözlərinə görə, yerlərdə əhalinin müxtəlif zümrələri ilə görüşlərin keçirilməsi, vətəndaşla sərbəst dialoq mühitinin inkişaf etdirilməsi dövlət başçısının bütün məmurlar qarşısında qoyduğu ən önəmli tapşırıqlardandır.
Ölkədəki ictimai-siyasi vəziyyət barədə məsələyə toxunan Taleh Qaraşov növbəti ilin fevral ayının 7-də növbədənkənar prezident seçkilərinin keçiriləcəyini bildirib və hər bir vətəndaşın seçki hüququndan istifadə etməsi üçün lazımi şəraitin mövcudluğundan, habelə vətəndaşların sərbəst və könüllü səsvermə hüququndan istifadə edərək istədikləri namizədə səs vermələrinin önəmindən danışıb: “Hər bir vətəndaş sərbəst, könüllü və maneəsiz şəkildə istədiyi namizədə səs verməklə Konstitusiyada təsbit olunduğu kimi hakimiyyətin yeganə mənbəyinin Azərbaycan xalqının olduğunu, demokratik prinsiplər və dəyərlərə üstünlük verdiyini bir daha ifadə edəcək”.
İcra başçısı yerli insanlar tərəfindən qaldırılan şəxsi və ümumi problemləri dinləyib, onların həlli istiqamətində müvafiq addımların atılmasını və nəticəsi barədə vətəndaşa qanunamüvafiq müddətdə cavab verilməsinin təmin edilməsini aidiyyəti vəzifəli şəxslərə tapşırıb.
Qurumba və Narbağı kəndlərinin sakinləri də onlara göstərilən diqqət və qayğıdan, habelə sərbəst və manesiz müraciət etmək hüquqlarının təmin olunmasından razılıqlarını ifadə ediblər. Yerli insanlar sosial-iqtisadi vəziyyətlərinin günü-gündən inkişaf etdiyinə, məmur-vətəndaş münasibətlərində etimad mühitinin daha da dərinləşməsinə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdar olduqlarını vurğulayıblar.