Taleh Qaraşov Lənkəran şəhər sakinləri ilə görüş keçirib
Dekabrın 7-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsinin sakinləri ilə səyyar görüş keçirib. Lənkəran şəhər Heydər Əliyev Mərkəzində baş tutan qəbul-görüşdə torpaqlarımızın, ərazi bütövlüyümüzün, suveren hüquqlarımızın və sərhədlərimizin bərpası zamanı canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qəbul-görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.
Şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarına qarşı hər zaman həssaslığı ilə seçilən T.Qaraşov onların hər biri ilə yaxından maraqlandı, istək və qayğılarını yerində dinlədi, qaldırılan məsələlərin yerində həllindən ötrü göstəriş və tapşırıqlarını verdi.
"Vətəndaş məmnunluğunun təmin edilməsi, qaldırılan məsələlərin həllinə obyektiv yanaşılması və problemlərin çözümüylə bağlı əlverişli mexanizmlərin təklif edilməsi bütün dövlət məmurları qarşısında qoyulan başlıca tələblərdəndir" deyən icra başçısı bildirib ki, vətəndaşla dövlət arasında qarşılıqlı etimadın və inamın davamlı olması üçün məmurlarla insanların birbaşa və sərbəst dialoq qura bilməsi mühüm əhəmiyyət kəsb edir. Lənkəran şəhərində görülən işlər barədə məlumat verən Icra başçısı şəhərinin qaz, su və elektrik enerjisi ilə fasiləsiz təmin olunduğunu, ümumi uzunluğu 47,5 km və 108 küçəni əhatə edən ərazidə 2365 işıq dirəyinin quraşdırıldığını bildirib. Mövcud çatışmamazlıqlar barədə danışan Taleh Qaraşov deyib ki, şəhərin yeni kanalizasiya sisteminin inşası, yerli tarixi əhəmiyyətli Dairəvi qala abidəsinin təmiri, utilizasiya zavodunun tikintisi ilə bağlı aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb və növbəti illərdə bu istiqamətdə konkret addımların atılması nəzərdə tutulur.
İcra başçısı şəhər sakinlərinin hər birinin qayğı və problemlərini həssaslıqla dinləyib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin həlli ilə bağlı yerindəcə göstərişlərini verib və bütün məsələlərin şəxsi nəzarətində olduğunu qeyd edib.
Şəhər əhalisi mövcud problemlərin həlli istiqamətində atılan hər bir addımı məmnuniyyətlə qarşıladıqlarını, fikir və narahatlıqlarını sərbəst ifadə etmək üçün yaradılan səmimi qəbula görə rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Yerli insanlar çıxışlarında sosial müdafiə və aktiv məşğulluq proqramlarının uğurla davam etdirilməsi, habelə əhəmiyyətli dərəcədə genişlənməsi və sosial təminat sisteminin dəfələrlə güclənməsi istiqamətində cənab Prezidentin gördüyü işləri yüksək qiymətləndiriblər və buna görə dövlətimizin başçısı cənab İlham Əliyevə səmimi təşəkkürlərini vurğulayıblar.