Taleh Qaraşov Lənkəran Dövlət Universitetində keçirilən “Məzun günü”ndə iştirak edib
İyulun 5-də Lənkəran Dövlət Universitetində (LDU) “Məzun günü” keçirilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak edib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub, daha sonra Dövlət Himni səsləndirilib.
LDU rektoru, professor Natiq İbrahimov hesabat xarakterli çıxışında ali təhsil ocağının uğurlarından danışıb. N.İbrahimov qeyd edib ki, son dövrlər LDU-da istər maddi texniki bazanın müasirləşdirilməsi, yeni təhsil korpusunun və yataqxananın tikilməsi, istər kadr hazırlığının təkminləşdirilməsi, tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi, təhsil şəraitinin inkişaf etdirilməsi, istərsə də pedoqoji kollektivin sosial-iqtisadi vəziyyətlərinin daha da yaxşılaşdırılması istiqamətində əsaslı addımlar atılıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov məzunları təbrik edib, onların ali təhsil ocağında öyrəndikləri bilikləri müstəqil həyatda uğurla tətbiq edəcəklərinə və hər birinin cəmiyyətdə laiqli yerlərinə sahib olacaqlarına olan inamını ifadə edib. Onun sözlərinə görə, cənub bölgəsinin elmi-mədəni və sosial inkişafında əvəzsiz rol oynayan LDU yüksək səviyyəli təhsil tədris edir və bu istiqamətdə kifayət qədər nailiyyətləri var. İcra başçısı LDU-nun Avropa İttifaqına (Aİ) üzv olan bir sıra dövlətlərlə beynəlxalq səviyyədə əməkdaşlığının, qarşılıqlı müəllim və tələbə mübadiləsinin uğurla həyata keçirilməsinin önəmindən danışıb. Taleh Qaraşov bildirib ki, beynəlxalq əlaqələrin inkişafı Lənkəranın tanıdılması, rayonun sosial-iqtisadi cəhətdən daha da güclənməsi baxımından əhəmiyyət kəsb edir. İcra başçısı LDU-nun simasında ölkədə təhsil sisteminin inkişafına toxunaraq bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan təhsilə olan qayğı və diqqət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Taleh Qaraşov Ulu Öndərin “Təhsil millətin gələcəyidir” prinsipi ilə hakimiyyətdə olduğu dövrlərdə təhsil sahəsinin inkişafına xüsusi həssaslıqla yanaşdığını qeyd edib. Onun sözlərinə görə, Ümummilli Liderin müstəqillik dövründə ali təhsil ocaqlarının inkişafı üçün zəruri olan islahatları aparmasının nəticəsini biz LDU-nun simasında görə bilirik. Bildirilib ki, LDU gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə hörmət ruhunda, peşəkar mütəxəssis və vətənpərvər vətəndaş kimi tərbiyə olunması istiqamətində ardıcıl, məqsədyönlü işlər həyata keçirir. Taleh Qaraşov bütün bunların dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilimizə, gənclərimizin insan kapitalı kimi özünü inkişafına və universitetlərimizin daha keyfiyyətli təhsil vermələrinə göstərdikləri diqqət və qayğının nəticəsi olduğunu qeyd edib.
Millət vəkili Rüfət Quliyev və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov da çıxışlarında məzunlara uğurlar və onların yeni, müstəqil həyatda qətiyyətlə irəliləmələrini arzulayıblar.
Çıxışlardan sonra məzunlara diplomlar və rayonun ictimai-siyasi həyatında, habelə təhsildə fərqlənən bir neçə məzuna Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən verilən fəxri fərmanlar təqdim olunub. Tədbir daha sonra konsert proqramı ilə davam etdirilib.