Taleh Qaraşov Kənarmeşə, Seyidəkəran və Şilim kəndlərinin sakinləri ilə qəbul-görüş keçirib
Mayın 3-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Kənarmeşə kənd inzibati ərazi dairəsində səyyar qəbul-görüş keçirib. İcra hakimiyyəti aparatının məsul şəxslərinin, rayonun hüquq mühafizə orqanlarının rəhbərlərinin, idarə və müəssisələrin nümayəndələrinin qəbul-görüşdə iştirakı qaldırılan məsələlərin həllinə daha çevik yanaşmanı təmin edib. Lənkəran ŞİH başçısı Taleh Qaraşov bildirib ki, bu səpkili görüşlərin yerlərdə keçirilməsində məqsəd vətəndaşları birbaşa dinləmək, onları narahat edən problemlərin həllinə köməklik göstərmək və icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə müvafiq qurumlara rəsmi müraciətlər ünvanlamaq və nəticə barədə vətəndaşları məlumatlandırmaqdır. İcra başçısı yerli insanları narahat edən heç bir məsələyə biganə qalınmayacağını və qaldırılan məsələlərin şəxsi nəzarətində olduğunu vurğulayıb. Taleh Qaraşov dövlət və vətəndaş arasında münasibətlərin və qarşılıqlı etimadın əyani vasitəsi olan vətəndaş müraciətlərinə baxılmasında şəffaflığın və nəzarətin gücləndirilməsinin xüsusi önəm kəsb etdiyini vurğulayıb. Ötən səyyar qəbul-görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə məlumatları inzibati ərazi dairəsinin sakinləri ilə bölüşən Taleh Qaraşov qeyd edib ki, icra hakimiyyətinin səlahiyyətlərinə aid və obyektiv qaldırılan bütün məsələlər həllini tapıb. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb və nəticəsi barədə vətəndaşlar məlumatlandırılıblar.
Qarşılıqlı dialoq formatında keçən qəbul-görüşdən yerli insanlar məmnunluqlarını ifadə ediblər. Kənd sakinləri vətəndaşla dövlət məmuru arasındakı yeni və birbaşa dialoq mühitinin formalaşmasına, onların qayğı və problemlərinin həllinə yönəlik çevik addımların atılmasına, qaldırdıqları istənilən məsələyə operativ və obyektiv yanaşmanın ortaya qoyulmasına görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi təşəkkürlərini ifadə ediblər.