Taleh Qaraşov Hirkan qəsəbə inzibati ərazi dairəsinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirib
Dekabrın 13-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov qrafikə uyğun olaraq Hirkan qəsəbə inzibati ərazi dairəsinin sakinləri ilə cari ildə ikinci səyyar görüş-qəbulunu keçirib. İcra başçısı ilə birgə səyyar görüşdə icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə və təşkilatların nümayəndələri iştirak ediblər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov ötən görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə Hirkan qəsəbə və Parakənd kəndinin sakinlərinə məlumat verib. Bildirilib ki, qaldırılan məsələlərin mütləq çoxluğu həllini tapıb, digər məsələlər barədə aidiyyəti üzrə yuxarı qurumlara müraciətlər ünvanlanıb.
Taleh Qaraşov bildirib ki, vətəndaş məmnunluğunun təmin edilməsi, qaldırılan məsələlərin həllinə obyektiv yanaşılması, problemlərin çözümüylə bağlı əlverişli mexanizmlərin təklif edilməsi bütün dövlət məmurları qarşısında qoyulan başlıca tələblərdəndir və şəhər İcra hakimiyyəti bu istiqamətdə bütün mümkün addımları atır.
Yerli sakinlər sərbəst və könüllü müraciət etmək hüquqlarının tam təmin olunduğu səyyar görüş-qəbuldan məmnunluqlarını ifadə ediblər. Hirkan qəsəbə və Parakənd kəndinin sakinləri dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya yaşadıqları ərazidə quruculuq və abadlıq işlərinin aparılmasına, habelə sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşmasına görə minnətdarlıqlarını bildiriblər.