Taleh Qaraşov Haftoni qəsəbəsinin, Xanlıqlı və Talışlı kəndlərinin sakinləri ilə səyyar qəbul keçirib
“Vətəndaşla dövlət arasında qarşılıqlı etimadın və inamın davamlı olması üçün məmurlarla insanların birbaşa və sərbəst dialoq qura bilməsi əhəmiyyətlidir və bu istiqamətdə yerlərdə keçirilən səyyar görüşlər vacibdir”. Bunu Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Haftoni qəsəbə inzibati ərazi dairəsinin sakinləri ilə keçirdiyi növbəti səyyar qəbul-görüşü zamanı ifadə edib. Taleh Qaraşov bildirib ki, yerlərdə səyyar qəbul-görüşlərinin keçirilməsi insanların gündəlik qayğı və problemlərinin öyrənilməsinə, onları narahat edən məsələlərin yerində araşdırılmasına, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olmaq məqsədini daşıyır.
Səyyar qəbulda icra başçısı ilə birgə icra hakimiyyəti aparatının məsul şəxslərinin, hüquq mühafizə orqanlarının rəhbərlərinin, yerli idarə və müəssisələrin nümayəndələrinin iştirakı vətəndaşlar tərəfindən qaldırılan məsələlərə operativ reaksiya verilməsi və həlli imkanlarını yerində araşdırması, nəticədə vətəndaş məmnunluğunun təmin olunması baxımından önəm kəsb edir.
Vətəndaşların maneəsiz, könüllü şəkildə fikir və istəklərinin rayon rəhbərliyinə çatdırılmasına tam şəraitin yaradıldığı görüşdə Lənkəran ŞİH başçısı bildirib ki, heç bir müraciət diqqətdən kənar qalmır və qaldırılan bütün məsələlər şəxsən onun nəzarəti altındadır.
Qarşılıqlı açıq dialoq şəklində baş tutan səyyar qəbul-görüşdə Haftoni qəsəbəsinin, Xanlıqlı və Talışlı kəndlərinin sakinləri onları narahat problemləri birbaşa icra başçısına söyləyə bildikləri, habelə onların həllindən ötrü səmimi yanaşma gördüklərinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Yerli insanlar vətəndaşlara göstərilən diqqət və qayğının son dövrlər daha da artmasına, insan amilinin sosial dövlət quruculuğu prosesində orbitdə dayanmasına və sosial-iqtisadi layihələrin uğurlu tətbiqi nəticəsində gündəlik həyat səviyyələrinin hiss olunacaq şəkildə artmasına görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını vurğulayıblar.