Taleh Qaraşov Haftoni qəsəbə şəhidlərinin xatirəsinə inşa olunan bulaq kompleksinin açılışında iştirak edib
Noyabrın 16-da Haftoni qəsəbəsində şəhidlərin xatirəsinə inşa olunan bulaq kompleksinin açılış mərasimi keçirilib. Milli Qəhrəman Əliyev Əsgər Ələsgər oğlu, I Qarabağ müharibəsi şəhidləri Əliyev Soltan Məmməd oğlu, Nəsirli Füzuli Əvəz oğlu və Aslanov Natiq Şirəli oğlunun adlarının əbədiləşdirildiyi xatirə kompleksinin açılışını Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhid qardaşı Əliyev Səfail Məmməd oğlu ilə birgə edib. Dövlət himninin səslənməsindən sonra Vətən uğrunda canından keçən qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi, şəhid ailələrinə xüsusi diqqət və qayğının göstərilməsi dövlət siyasəti olaraq ali siyasi rəhbərliyin nəzarətindədir. İcra başçısı dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin sosial-iqitisadi vəziyyətlərinin yaxşılaşdırılmasıyla bağlı məsələni nəzarətdə saxladıqlarını qeyd edib. Taleh Qaraşov şəhidlərimizin adlarının əbədiləşdirilməsinə vətəndaşlarımızın özlərinin də təşəbbüs göstərdiklərini vurğulayıb: “Rayonumuzda çoxsaylı bulaq və xatirə komplekslərinin tikilişi həyata keçirilib və bunlar vətəndaşlarımızın şəxsi təşəbbüsləri ilə baş tutub. Bu, insanlarımızın şəhidlərimizə olan hörmət və diqqətinin təzahürüdür”. İcra başçısı qeyd edib ki, Vətən müharibəsindəki qələbəmizlə I Qarabağ müharibəsi zamanı şəhid olan övladlarımızın qisası alınıb. Xatirə komplekslərinin inşasının önəmi barədə danışan Taleh Qaraşov deyib ki, vətənpərvərliyin təbliği, şəhidlərimizin qəhrəmanlıqlarının gələcək nəsillərə ötürülməsi üçün bu səpkili tikililər əyani nümunə və təbliğat vasitəsidir. Milli birliyin, həmrəyliyin və xalq-hakimiyyət birliyinin Qələbənin qazanılmasında əsas amillər olduğunu vurğulayan icra başçısı bildirib ki, “Zəfər”in müəllifi və memarı məhz Ali Baş Komandan cənab İlham Əliyev olub: “Ordumuzun döyüş meydanındakı rəşadəti, Ali Baş Komandanın istər informasiya müharibəsindəki, istərsə də diplomatik müstəvidəki mübarizəsi qələbəmizi tezləşdirdi, Ermənistanı kapitulyasiya aktına imza atmağa vadar etdi”.
Şəhid qardaşı Səfail Əliyev dövlətin şəhid ailələrinə diqqət və qayğısından məmnunluğunu ifadə edib. Bildirilib ki, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi həssaslıqla şəhidlərin adlarının əbədiləşdirilməsinə, xatirələrinin daim əziz tutulmasına olan yanaşması təqdirəlaiqdir, şəhid ailələri tərəfindən yüksək qiymətləndirilir və buna görə onlara minnətdardırlar.
Sonda Haftoni qəsəbə tam orta məktəbinin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şerlər səsləndirilib.
Allah rəhmət eləsin!