Taleh Qaraşov Haftoni qəsəbə inzibati ərazi dairəsinin sakinləri ilə səyyar görüş-qəbul keçirib
Yanvarın 22-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Haftoni qəsəbə inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar qəbulda yerli icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər. Taleh Qaraşov yerlərdə səyyar görüş-qəbulların keçirilməsinin önəmindən danışaraq bildirib ki, cənab Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq keçirilən görüşlər insanların gündəlik qayğı və problemlərinin öyrənilməsinə, onları narahat edən məsələlərin yerində araşdırılmasına, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olmaq məqsədini daşıyır. Onun sözlərinə görə, vətəndaşlar tərəfindən qaldırılan məsələlərə operativ reaksiya verilməsi və həlli imkanlarının yerində araşdırması, nəticədə vətəndaş məmnunluğunun təmin olunması baxımından səyyar qəbul-görüşlər önəm kəsb edir.Lənkəran ŞİH başçısı qeyd edib ki, heç bir müraciət diqqətdən kənar qalmır və qaldırılan bütün məsələlər şəxsən onun nəzarəti altındadır.
Vətəndaşların maneəsiz, könüllü şəkildə fikir və istəklərinin rayon rəhbərliyinə çatdırılmasına tam şəraitin yaradıldığı görüş qarşılıqlı açıq dialoq şəklində baş tutub. Yerli insanlar onları narahat problemləri birbaşa icra başçısına söyləyə bildikləri, habelə onların həllindən ötrü səmimi yanaşma gördüklərinə görə rayon rəhbərliyinə təşəkkür ediblər.
Haftoni qəsəbəsinin, Xanlıqlı və Talışlı kəndlərinin sakinləri vətəndaş- məmur münasibətlərindəki məmnunluq səviyyəsinin son dövrlər daha da artdığını, müraciətlərə daha həssas yanaşıldığını, insan amilinin sosial dövlət quruculuğu prosesində ən ön sırada dayandığını, sosial-iqtisadi layihələrin uğurla tətbiq olunduğunu vurğulayıblar və bütün bunlara görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.