Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Taleh Qaraşov Gərmətük qəsəbə inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib

06 avqust 2026 | 11:53

    Avqustun 5-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Gərmətük qəsəbə və Velədi kəndinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirib. Şəhər İcra hakimiyyəti başçısı aparatının məsul şəxslərinin, hüquq-mühafizə orqanlarının, yerli idarə və müəssisə rəhbərlərinin iştirak etdiyi qəbulda vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf məmur-vətəndaş münasibətləri və regionda aqrar sahənin inkişafı əsas müzakirə mövzusu olub.

    Görüşün əvvəlində sakinlərə ötən səyyar qəbulda qaldırılan müraciətlərin icra vəziyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, yerli icra strukturunun səlahiyyətləri daxilində olan və obyektiv qaldırılan məsələlər öz müsbət həllini tapıb, digər müraciətlərin həlli məqsədilə aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər ünvanlanıb. “Vətəndaşların müraciətləri haqqında” Qanunun tələblərinə uyğun olaraq, hər bir vətəndaşın müraciətinin ciddi şəkildə araşdırıldığı və qanunamüvafiq müddətdə cavablandırıldığı vurğulanıb.

    Açıq dialoq və qarşılıqlı etimad şəraitində keçən qəbulda dövlət başçısının kənd təsərrüfatının inkişafına dair keçirdiyi respublika müşavirəsində səsləndirdiyi fikirlər və qəbul olunmuş Dövlət Proqramından irəli gələn mühüm vəzifələrə də toxunulub. Lənkəran rayonunun zəngin aqrar potensialı, xüsusilə çayçılıq, sitrusçuluq və çəltikçilik sahələrinin dirçəldilməsi istiqamətində qarşıya qoyulan hədəflər diqqətə çatdırılıb. Müşavirədə səsləndirilən tapşırıqlara uyğun olaraq, Lənkəranda müasir suvarma sistemlərinin tətbiqi, su resurslarından səmərəli istifadə və torpaqların münbitliyinin artırılması sahəsində görülən işlər qeyd olunub. Eyni zamanda, fermerlərin subsidiyalar, güzəştli kreditlər, gübrə və müasir texnika ilə təminatının asanlaşdırılması, aqrar sahədə məhsuldarlığın yüksəldilməsi və yerli istehsalın rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət dəstəyinin davam etdirildiyi vurğulanıb.

    Görüş zamanı fikir və istəklərini sərbəst şəkildə rayon rəhbərliyinə çatdıran Gərmətük qəsəbə və Velədi kəndinin sakinləri, müraciətlərə göstərilən həssas yanaşmaya və yaradılan şəffaf mühitə görə razılıqlarını ifadə ediblər. Sakinlər regionların sosial-iqtisadi tərəqqisinə, aqrar sektorun inkişafına və əhalinin rifahının yüksəldilməsinə göstərdikləri yüksək diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər