Taleh Qaraşov Digah və Şiləvar kəndlərinin sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib
Aprelin 12-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Şiləvar inzibati ərazi dairəsinə daxil olan Şiləvar və Digah kəndlərinin sakinləri ilə növbəti səyyar qəbul-görüşünü keçirib. Görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Taleh Qaraşov dövlətlə vətəndaş arasındakı qarşılıqlı etimad mühitinin güclənməsi, insanları narahat edən məsələlərin həllinə həssaslıqla yanaşılması və birbaşa dialoqun inkişaf etdirilməsi üçün yerlərdə həyata keçirilən səyyar qəbul-görüşlərin önəmindən danışıb. Bildirilib ki, səyyar qəbul-görüşlərin keçirilməsində məqsəd yerli sakinlərin şəxsi və ümumi problemlərinin öyrənilməsi, onların həlli istiqamətində müvafiq addımların atılması, insanların həyat və şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilməsidir. Yerli sakinlərin qayğı və problemlərini dinləyən T.Qaraşov qaldırılan məsələlərə həssaslıqla yanaşıldığını və hər birinin həlli ilə bağlı vətəndaşlara qanunamüvafiq formada cavablar veriləcəyini bildirib. İcra hakimiyyətinin səlahiyyətlərinə aid bütün məsələlər yerindəcə həllini tapıb.
Digah və Şiləvar kəndlərinin sakinləri də rayon rəhbərliyi ilə birbaşa dialoq qurmaqdan məmnun olduqlarını, habelə qaldırdıqları məsələlərin həllinə operativ və nəticəyə yönəlik addımların atılmasından ötrü təşəkkürlərini bildiriblər. Yerli insanlar Lənkəranda görülən işlərə, həyata keçirilən sosial layihələrə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi təşəkkürlərini ifadə ediblər.