Taleh Qaraşov daha bir ucqar dağ kəndi olan Tuadoda səyyar qəbul keçirib
Davamlı inkişafın, rifahın və bütün müstəvilərdə məmnunluq səviyyəsinin təmin olunması dövlətlə vətəndaş arasındakı qarşılıqlı etimad mühitinin formalaşmasının baza prinsiplərini təşkil edir. Dövlətin iradəsi, prinsipiallığı, məmurların peşəkarlığı və məsuliyyəti dövlətlə vətəndaş arasındakı münasibətlərin istiqamətini formalaşdırır. Dövlət başçısı cənab İlham Əliyevin yürütdüyü siyasətdə insan amilini önə çəkməsi, vətəndaş-dövlət münasibətlərinə yeni yanaşmanı gətirməsi və məmurlar qarşısında sözügedən istiqamətdə ciddi tələblər qoyması Azərbaycan insanının rifah içində, ədalətli toplumda və demokratik dəyərlərin daha güclü olduğu vətəndaş cəmiyyətində yaşamasına xidmət edir. Yerlərdə keçirilən səyyar qəbul-görüşlər də vətəndaşla dövlətin vəzifəli və ali vəzifəli şəxsləri arasında birbaşa dialoqun qurulmasına, mövcud problemlərin, çatışmamazlıqların həlli üçün yeni imkanların və çözüm yollarının müəyyən edilməsinə rəvac verir. Avqustun 24-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov daha bir ucqar dağ kəndi olan Tuadoda yerli sakinlərlə görüş keçirib. Yerli əhali ilə birbaşa dialoq quran Taleh Qaraşov onlarla səmimi söhbət edib, qayğı və problemləri ilə maraqlanıb. İcra hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlər yerindəcə həllini tapıb, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə aidiyyəti qurumlara rəsmi müraciət olunması və nəticəsi barədə vətəndaşlara məlumat verilməsi tapşırılıb. Taleh Qaraşov bildirib ki, cənab Prezidentin göstərişinə uyğun olaraq vətəndaş məmnunluğunun təmin olunması üçün məmurlar yerli insanların qayğı və problemlərini diqqətlə öyrənməli, həssas yanaşmalı və həlli üçün optimal model irəli sürməlidirlər ki, yerlərdə keçirilən səyyar qəbul-görüşlər məhz bu məqsədə xidmət edir: “ Hər kəs əmin ola bilər ki, qaldırılan bütün məsələlər şəxsi nəzarətimdədir. Qayğı və problemlərin həlli üçün yerli icra hakimiyyəti indiyədək həyata keçirdiyi məqsədyönlü fəaliyyətini bundan sonra da daha effektiv və nəticəyə yönəlik davam etdirəcək”. Yerli sakinlər çıxışlarında dövlət idarələrinin və bütün xidmət sahələrinin nümayəndələrinin səyyar görüşdə iştirakının qaldırdıqları problemlərin yerindəcə həllinə köməklik etdiyini vurğulayıblar. Ucqar ərazidə yaşamaqlarına baxmayaraq, gündəlik həyatlarında həlli mümkün olmayan iqtisadi və sosial problemlərlə qarşılaşmadıqlarını ifadə ediblər. Bütün bunlara görə isə ölkə başçısı cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xüsusi təşəkkürlərini qeyd ediblər.