Taleh Qaraşov dağ kəndi olan Bəlitonda növbəti səyyar qəbul-görüşünü keçirib
İyunun 7-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq yerlərdə vətəndaşlarla birbaşa dialoqun qurulması, onları narahat edən şəxsi və ümumi məsələlərin həllinə köməklik göstərilməsindən ötrü növbəti səyyar qəbul-görüşünü Bəlitonda keçirib. Qəbul-görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, eyni zamanda yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Taleh Qaraşov ucqar dağ kəndlərindən olan Bəlitonda yerli insanların qayğı və problemlərini xüsusi diqqət və qayğı ilə dinləyib. Birbaşa və açıq dialoq mühitində baş tutan görüşdə icra başçısı bildirib ki, məmurların ərazilərə gəlməsi, insanları dinləməsi və onların qaldırdıqları məsələlərin həllinə nail olunması bu gün xüsusi diqqət mərkəzindədir. Onun sözlərinə görə, vətəndaşların müraciətlərinə baxılması, sosial-iqtisadi vəziyyətlərinin öyrənilməsi, fikir və təkliflərinin dinlənilməsi üçün məmur və vətəndaş arasındakı birbaşa dialoq mühitinin inkişaf etdirilməsi demoktarik dəyərlərin, habelə vətəndaş cəmiyyətinin tərəqqisi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Taleh Qaraşov qeyd edib ki, dövlət başçısının bu yöndəki xüsusi tövsiyə və tapşırıqları da insanların yerlərdəki qayğı və problemlərinin dinlənilməsnə və həlli istiqamətində qanunamüvafiq addımların atılmasına hesablanıb. İcra başçısı qəbul-görüşdə insanlar tərəfindən səsləndirilən bütün məsələlərin şəxsən nəzarətində olduğunu və onların həlli ilə bağlı qanunamüvafiq müddətdə və qaydada onlara cavab veriləcəyini vurğulayıb.
Natiq çıxışında son dövrlərdə qlobal miqyasda ən aktual məsələlərdən olan ərzaq təhlükəsizliyinə toxunaraq bildirib ki, kənd əhalisinin əkinə yararlı torpaqlarda əkinçiliklə məşğuliyyətini stimullaşdırmaq olduqca vacibdir. Belə ki, yerli əhalinin torpağı əkib becərməsi həm onların maddi vəziyyətlərinin yaxşılaşmasına, həm də ərzaq təhlükəsizliyilə bağlı problemlərin yaranmasının qarşısını almağa xidmət etmiş olacaq.
Yerli sakinlər məmur-vətəndaş münasibətlərindəki yeni yanaşmanın, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində insanın hüquq və azadlığının yüksək səviyyədə təmin olunmasının və qorunmasının, sosial dövlət quruculuğu prosesinin intensiv xarakter almasının və vətəndaşın sosial rifah halının dayanıqlı olmasının cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri sayəsində mümkün olduğunu və bütün bunlara görə onlara təşəkkür və minnətdarlıqlarını vurğulayıblar.