Taleh Qaraşov Beynəlxalq SAF2025 Festivalında 3-cü yerə laiq görülən komandanın kapitanını qəbul edib
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 17-19 noyabrda keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalında (SAF2025) komanda hesabında 3-cü yeri tutmuş Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəbin “Goaltron” komandasının kapitanı Şükürov Mehdi Ayaz oğlunu və 6-cı siniflər üzrə yarımfinaladək yüksəlmiş Şükürov Məhəmməd Bağır Ayaz oğlunu qəbul edib.
İcra başçısı komanda hesabında 3-cü yerə çıxmaları münasibətilə Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəbin “Goaltron” komandasının hər bir üzvünü təbrik edib. Taleh Qaraşov bildirib ki, lənkəranlı məktəblilərin əzmkarlığı, zəhməti və yenilikçi yanaşması bütün məktəblilərə və gənclərimizə ilham verir. İcra başçısı bu qalibiyyətin daha böyük layihələrin və qlobal uğurların başlanğıcı olacağına olan inamını ifadə edib.
Qeyd edək ki, dünyanın 20-dən çox ölkəsindən minlərlə şagird və mentor 18 müxtəlif texnoloji kateqoriyada öz layihələrini təqdim ediblər və Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəbin “Goaltron” komandası “Ən Yaxşı komanda" nominasiyası üzrə kubok qazanıb.
Sonda xatirə şəkili çəkdirilib.





