Sütəmurdov kəndinin sakinləri Taleh Qaraşovun səyyar görüş-qəbulundan razı qalıblar
Aprelin 9-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Sütəmurdov kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.
Vətənimizin azadlığı, suverenliyimizin bərpası, müstəqilliyimizin qorunması uğrunda canından keçən qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
ŞİH başçısı Taleh Qaraşov səyyar qəbul-görüşün Ramazan bayramı ərəfəsində keçirildiyini vurğulayıb və Sütəmurdov sakinlərinin simasında bütün lənkəranlıları müqəddəs bayram münasibətilə təbrik edib, hər birinə ən səmimi arzu də diləklərini çatdırıb.
Daha sonra Taleh Qaraşov ötən səyyar görüş-qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli insanlara məlumat verib. İcra başçısı bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə keçirilən səyyar görüşlər vətəndaşlar tərəfindən qaldırılan məsələlərə həssaslıqla yanaşılmasına, insanlarla birbaşa dialoqun qurulmasına, qarşılıqlı etimadın gücləndirilməsinə və onları narahat edən məsələlərin həllinə köməklik göstərilməsinə xidmət edir.
Taleh Qaraşov səyyar görüş-qəbulda qaldırılan məsələlərin şəxsi nəzarətində olduğunu, bütün müraciətlərə həssas yanaşıldığını qeyd edib. Yerli insanlar tərəfindən qaldırılan və icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həlli istiqamətində göstərişlər verib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli üçün aidiyyəti qurumlara rəsmi müraciətlərin ünvanlanması və nəticəsi barədə vətəndaşlara məlumat verilməsi səlahiyyətli şəxslərə tapşırılıb.
Sütəmurdov kəndinin sakinləri səmimi qəbula görə icra başçısına təşəkkür ediblər. Yerli insanlar Lənkəranda vətəndaş məmnunluğunun, sosial-iqtisadi inkişafın təmin olunması, abadlıq-quruculuq işlərinin aparılması, yeni yolların salınması və bütövlükdə rayonun iqtisadi və sosial həyatındakı müsbət dəyişikliklərə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildiriblər.