Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Şiləvar kəndi ərazisindən keçən suötürücü kollektor əsaslı təmir edilir

11 fevral 2025 | 16:11

  Son illər global iqlim dəyişikliyi fonunda ölkəmizdə havaların qeyri-sabit keçməsi, normadan artıq yağışların yağması, çaylarda sululuğun artması, eləcə də sel və daşqınlar müşahidə olunur ki, bu da öz növbəsində, bir sıra fəsadlar törədir.

  Ölkəmizin ən yağışlı ərazilərindən biri kimi Lənkəran rayonu da çayların daşması səbəbindən selbasma halları ilə üzləşir. Cari ilin fevralın 5-dən yağan intensiv yağışlar nəticəsində Ləkərçayın sululuq səviyyəsinin artması suötürücü kollektor və kanalların həcminin və ötürücülük qabiliyyətinin texniki baxımdan sel sularının ötürülməsinə imkan vermədiyi üçün ətraf ərazilərdə subasma hallarının yaranmasına səbəb oldu. Eyni halın təkrar baş verməməsi üçün Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun tapşırığına uyğun olaraq ötən əsrin ortalarında inşa edilən Şiləvar kəndi ərazisindən keçən əsas suötürücü kollektorun əsaslı təmiri və ötürücülük qabiliyyətinin texniki baxımdan artırılması istiqamətində işlər bir neçə gündür ki, davam etdirilir. Ərazidə ağır texnikalar vasitəsilə qazma işləri aparılıb, diametri kiçik olan borular yeni və həcmcə daha böyük beton borularla əvəzlənib, kollektora birləşən suötürücü kanallar texnika vasitəsilə təmizlənib və həcmi genişləndirilib. Hazırda ərazidə son tamamlanma işləri aparılır.

 Qeyd edək ki, ərazidə aparılan işlər yerli sakinlər tərəfindən yüksək qiymətləndirilir, subasma hallarının baş verməməsi üçün atılan addımlar təqdir edilir, habelə aidiyyəti qurumların subasma hallarının operativ aradan qaldırılması istiqamətindəki fəaliyyəti məmnuniyyətlə qarşılanır. Rayon əhalisi bütün bunların dövlətin vətəndaşının yanında olması, onun qayğısına qalması, onlara göstərilən xüsusi diqqət kimi qəbul edir və bütün bunlara görə dövlət başçısı cənab Prezident İlham Əliyevə minnətdarlığını ifadə edir.

Keçidlər