Şəhidlərimiz Quliyev Vüsal Tahir oğlunun və Quliyev Samir Məhərrəm oğlunun anım mərasimləri keçirilib
Vətən müharibəsinin başlanması və “Zəfər”ə aparan yol 44 gün sürdü. Torpaqlarımızın azad olunması Müzəffər Ordumuzun rəşadəti, Ali Baş Komandanın qətiyyəti, iradəsi və xalq - hakimiyyət birliyinin rəmzinə çevrilən “Dəmir Yumruq” nəticəsində mümkün oldu. 2908 vətəndaşımız şəhid, 6 nəfər itkin düşdü. Sentyabrın 27-dən etibarən Lənkəran 66 şəhidini bağrına basdı, Vətən üçün canını fəda edənlər könüllərdə əbədi taxt qurdular. Ötən il olduğu kimi, bu il də şəhidlərimizin şəhadətə yüksəldiyi günü bütün lənkəranlılar onların ailəsi ilə birgə qeyd edir. Şəhid dəfnlərində şəxsən iştirakı və şəhid ailələrinə həssas yanaşmanı və qayğı göstərməyi özünə mənəvi borc bilən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov sentyabrın 28-də şəhid olan kapitan Quliyev Vüsal Tahir oğlunun və Quliyev Samir Məhərrəm oğlunun anım mərasimlərində iştirak edib. Şəhid ailələrinin üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə maraqlanıb. Taleh Qaraşov şəhid ailələrinin və yerli ictimaiyyətin nümayəndələrinin iştirakı ilə şəhidlərimizin məzarlarını ziyarət edib, qəbirləri üzərinə tər gül dəstələri düzüb, ruhlarına dualar edib.
Suqovuşan döyüşləri zamanı şəhid olan kapitan Vüsal Quliyev hələ sağlığında dövlət başçısının Sərəncamı ilə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalına laiq görülüb. Ölümündən sonra isə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.
Qeyd edək ki, Quliyev Samir Məhərrəm oğlu ölümündən sonra cənab Prezident İlham Əliyev tərəfindən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!