Şəhidlərimiz Fariz Zülfüqarzadə və Samir Allahverdiyevin xatirəsinə həsr olunan mini futbol turniri keçirilib
Vətənin azadlığı, ərazi bütövlüyü və suveren hüquqlarımızın bərpası uğrunda canından keçən hər bir vətəndaşımızın xatirəsinin əbədiləşdirilməsi Azərbaycan insanının mənəvi borcudur, çünki torpağın dəyəri onun münbitliyi, yeraltı və yerüstü zənginlikləri ilə deyil, orada axıdılan şəhidlərin qanı ilə qiymətləndirilir, müqəddəsləşdirilir və anamız qədər aliləşdirilir. Başqa sözlə, torpaq və ərazi o zaman vətənə çevrilir ki, cəmiyyətdə milli birlik və dövlətçilik şüuru formalaşır. Vətən müharibəsi təkcə milli birliyimizi təmin etmədi, eyni zamanda, insanların dövlətinə olan güvənini təkminləşdirdi. Dövlət də, qədirbilən xalqımız da şəhidlərimizin adının əbədiləşdirilməsinə, xatirəsinin əziz tutulmasına həssaslıqla yanaşaraq bu istiqamətdə üzərinə düşən bütün lazımi tədbirlərin görülməsini mütəmadi həyata keçirir. Oktyabrın 25-də Lənkəran Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidləri Zülfüqarzadə Fariz Fərhad oğlunun və Allahverdiyev Samir Elçin oğlunun xatirəsinə həsr olunan mini futbol turnirinin keçirilməsi də şəhidlərimizin xatirəsinin anılması, onların həyat və döyüş yolu barədə gənc nəsillərin məlumatlandırılması məqsədini daşıyıb. Dövlət himninin sədaları altında başlayan tədbirdə Vətənin azadlığı, torpaqlarımızın bütövlüyü, sərhədlərimizin toxunulmazlığı və suveren hüquqlarımızın bərpası yolunda canını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini Mikayıl Cəfərzadə çıxış edib. Şəhidlərimizin adının əbədiləşdirilməsi, xatirəsinin daim yad olunması dövlətin mərkəzi xəttlərindəndir deyən Mikayıl Cəfərzadə ictimaiyyətin və yerli insanların da müxtəlif təşəbbüslərlə şəhid ailələrinin yanlarında olduqlarını vurğulayıb. Birlik və bərabərliyin cəmiyyətin, eləcə də dövlətin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyən icra başçısının müavini qalib xalq kimi sözügedən məsələdə bir çox dövlətlərə və xalqlara nümunə olduğumuzu qeyd edib.
Tədbirdə çıxış edən şəhid anaları Zülfüqarova Həqiqət və Allahverdiyeva Könül övladlarının xatirəsinin əziz tutulmasından və gələcək nəsillər arasında təbliğ olunmasından razılıqlarını ifadə ediblər. Şəhid anaları bu istiqamətdə həyata keçirilən addımların onların qəlbini oxşadığını, təskinlik verdiyini və özlərini yalnız hiss etməməyə yardım olduğunu bildiriblər, bütün bunlara görə isə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Lənkəran şəhər 4 və 5 nömrəli tam orta məktəblərinin şagirdlərindən ibarət futbol komandaları şəhidlərimizin xatirəsinin əziz tutulması və onların adlarının gələcək nəsillərə ötürülməsi üçün meydanda tər töküblər. Lənkəran şəhər 5 nömrəli tam orta məktəbin komandası qalib gələrək kuboka sahib olub və oyunda fərqlənən idmançılara diplomlar təqdim edilib.