Şəhidlərimiz Emil Qurbanov, Valeh Əkbərzadə, Röyal İbrahimov, Şəhriyar Həbibi, Əbdülhəsən Həsənzadə və Taleh İsmayılovun məzarları ziyarət olunub
Noyabrın 6-da Vətən müharibəsi şəhidləri Qurbanov Emil Vaqif oğlunun, Əkbərzadə Valeh Asim oğlunun, İbrahimov Röyal Qulam oğlunun, Həbibi Şəhriyar Vidadi oğlunun, Həsənzadə Əbdülhəsən Mirzə oğlunun və İsmayılov Taleh Səndəl oğlunun anım günləri keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının məsul şəxsləri, şəhidlərin ailə üzvləri və ictimaiyyətin iştirakı ilə baş tutan qəbir ziyarətlərində şəhidlərimizin məzarları üzərinə tər güllər düzülüb, ruhlarına dualar oxunub. Qeyd edək ki, Taleh Qaraşov eyni gündə şəhidimiz Röyal İbrahimovun bulaq xatirə kompleksinin açılışında da iştirak edib. İcra başçısı şəhid ailələrinin üzvləri ilə söhbət edib, onların qayğılarını dinləyib. İcra başçısı bildirib ki, qalibiyyətimizi qanları və canları ilə əbədiləşdirən şəhidlərimizin xatirəsinin əziz tutulması hər birimizin mənəvi borcudur. “Vətən sevgisinin ən kamil formasını məhz şəhidlər yaşamaqla ən ali zirvəyə yüksəlirlər” deyən Taleh Qaraşov şəhidlərimizin məzarlarının ziyarət olunmasının insana mənəvi rahatlıq verdiyini qeyd edib. İcra başçısı bildirib ki, şəhidlərimizin məzarlarını ziyarət etmək onun üçün mənəvi məsələdir. Hava şəraitinin yağışlı və küləkli olmasına baxmayaraq, bütün şəhid ailələrinin üzvlərinin və eləcə də ictimaiyyət nümayəndələrinin şəhidlərin məzarlarını ziyarət etməsi hər birimizin şəhidlərimizə olan hörmət və ehtiramın təzahürüdür. Onun sözlərinə görə, məhz şəhidlərimizin canı bahasına milli qürurumuz geri qaytarılıb və döyüşlərdə əldə olunan qələbəni bu gün qalib xalq kimi diplomatik masada da diktə edirik: “Dövlətimizin başçısı xalqdan aldığı gücünü, Dəmir Yumruğunu diplomatik danışıqlar zamanı da nümayiş etdirir. Artıq Azərbaycanın razılığı və iştirakı olmadan regionda heç bir beynəlxalq layihənin reallaşması mümkün deyil”. Qarabağda nəhəng bərpa və quruculuq işlərinin getdiyini bildirən Taleh Qaraşov bütün infrastruktur layihələrinin dövlətimizin daxili imkanları hesabına icra olunduğunu qeyd edib. Müharibədən yenicə çıxan ölkə üçün geniş həcimli və sıfırdan inşaat işlərini görməsi xalqımızın və dövlətimizin, eləcə də dövlət başçımızın gücünün təzahürüdür.
Şəhid valideynləri də hava şəraitinin yağışlı və küləkli olmasına baxmayaraq, icra başçısı Taleh Qaraşova onları yalnız saxlamadığı üçün minnətdarlıqlarını bildiriblər. Dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhidlərimizə dəyər verdiklərini, şəhid ailələrini diqqətdə saxladıqlarını vurğulayan şəhid valideynləri onların hər birinə xüsusi olaraq təşəkkür ediblər.
Qeyd edək ki, şəhidimiz leytenant E.Qurbanov ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidimiz V.Əkbərzadə döyüşlərdə göstərdiyi cəsurluğa görə ölümündən sonra dövlətimizin başçısı tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medallarına laiq görülüb.
Şəhidimiz R.İbrahimov cənab Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidimiz Ş.Həbibi ölümündən sonra dövlət başçımızın müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarına laiq görülüb.
Qeyd edək ki, şəhidimiz Ə.Həsənzadə döyüşlərdə göstərdiyi igidliyə və şücaətinə görə ölümündən sonra“Vətən uğrunda”, “İgidliyə görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidimiz T.İsmayılov döyüşlərdəki əzmkarlığı, qorxmazlığı və cəsarətinə görə Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medallarına laiq görülüb.
Allah rəhmət eləsin!