Şəhid Məmmədli Elməddinin xatirəsinə inşa edilən bulağın açılışı olub
“Vətən sevgisi əxlaqi keyfiyyətdir, onun uğrunda şəhid olub əbədiyyətə qovuşanlar bu sevginin ən kamil formasını yaşayanlardır”. Bu sözləri Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov avqustun 10-da şəhid Məmmədli Elməddin Anar oğlunun bulaq xatirə kompleksinin açılış mərasimi zamanı ifadə edib. Lənkəranın Velədi kəndində baş tutan tədbir dövlət himninin səslənməsi və Vətən uğrunda canını fəda edən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Bulaq kompleksinin açılış lentini İcra başçısı Taleh Qaraşov şəhidimizin atası Məmmədov Anarla birgə kəsib. Taleh Qaraşov çıxışı zamanı Vətən müharibəsində lənkəranlı gənclərin xüsusi əzm və cəsarətlə döyüşdüyünü, düşmənin hücumlarının qarşısını mərdlik və qəhrəmanlıqla dəf etdiklərini bildirib. Vətənin yalnız müəyyən sərhədlər daxilində coğrafi məkan olmadığını qeyd edən İcra başçısı onun xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaq olduğunu ifadə edib. Şəhidimizin bulaq xatirə kompleksinin açılışının onun doğum günündə baş tutmasını xatırladan T.Qaraşov artıq Elməddinin bütün xalqın qəlbində özünə taxt qurduğunu bildirib: ”Bu gün şəhidimizin xatirəsinə inşa olunan bulaq kompleksinin açılışında yüzlərlə sadə vətəndaşımızın, hətta onu heç zaman görməyən insanların iştirakı söyləməyə əsas verir ki, şəhidlərimiz xalqımızın qəlbində heç zaman unudulmayacaq, daim var olacaq sevgi qazanıblar”. Daha sonra şəhid atası Məmmədov Anar çıxış edərək övladının xatirəsinin əziz tutulmasına görə rayon rəhbərliyinə və bütün kənd əhalisinə minnətdarlığını ifadə edib. Şəhid atası hər zaman qayğı və diqqət gördüyünü, istənilən məsələnin həlli üçün müraciət etdiyi dövlət qurumlarında hörmət və ehtiramla qarşılandığını bildirib. Bütün bunlara görə isə o, dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin və səmimi təşəkkürlərini qeyd edib. Məktəblilərin ifasında qəhrəmanlarımıza həsr olunan şeirlərin səslənməsindən sonra kənd qəbiristanlığında dəfn olunan şəhidlərimizin məzarları ziyarət edilib, önünə tər çiçəklər düzülüb, cəmi şəhidlərimizin ruhuna dualar oxunub. Qeyd edək ki, Məmmədli Elməddin Anar oğlu ölümündən sonra dövlət başçısının müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.