Şəhid İmaməli Əhədzadənin xatirəsinə idman turniri keçirilib
Aprelin 23-də Cənub Regional Boks Mərkəzində şəhid İmaməli Əhədzadə Şəvəqqət oğlunun xatirəsinə həsr olunan idman turniri keçirilib. Tədbir öncəsi şəhid İmaməli Əhədzadənin məzarı ziyarət olunub. Daha sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının, şəhid ailələrinin, idmançıların və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə baş tutan tədbirin rəsmi hissəsində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. Çıxışçılar bildiriblər ki, Vətən sevgisinin zirvəsində olan şəhidlərimizin adlarının əbədiləşdirilməsi və xatirələrinin yad olunması hər zaman dövlətin diqqətindədir. Dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu məsələyə olduqca həssas yanaşırlar.
Vurğulanıb ki, qəhrəman əsgər və zabitlərimizin şücaəti, cəsurluğu, vətənpərvərliyi və əzmi sayəsində xalqın ləyaqəti, milli qüruru bərpa edilib. Qalib xalq kimi vüqarlı, məğrur, başı dik və alnı açıq şəkildə məhz şəhidlərin, qazilərin və müharibə veteranlarının sayəsində azad etdiyimiz torpaqlarda əbədi yaşayacağıq. Qalibiyyətimizi qanları və canları ilə əbədiləşdirən şəhidlərimizin xatirəsinin əziz tutulması hər birimizin mənəvi borcudur. 44 günlük haqq savaşında xalq olaraq göstərdiyimiz birliyi bu gün şəhidlərimizə qarşı diqqət və qayğıda, onların anım mərasimlərində də göstərməyə davam edirik. Birlik rəmzimiz olan şəhidlər Lənkəran rayonunda da daim ehtiramla anılır.
Çıxışlardan sonra idman turnirinə strat verilib. Karate və digər döyüş növləri üzrə təşkil olunan klublararası açıq turnirdə 6 rayondan 9 komanda iştirak edib. Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçirilən idman turnirində 100-ə yaxın idmançı öz gücünü sınayıb. Lənkəran, Astara, Cəlilabad, Yardımlı, Biləsuvar və Beyləqan rayonlarının idman klubları açıq turnirdə mübarizə aparıblar. Sonda qaliblərə medal və diplomlar təqdim edilib.