Şəhid Həsənağa Abdullazadənin doğum günündə “Zəfərimizin qəhrəmanı” adlı kitabın təqdimatı keçirilib
Martın 9-da Vətən müharibəsi şəhidi Abdullazadə Həsənağa Şakir oğlunun doğum günündə “Zəfərimizin qəhrəmanı” adlı kitabın təqdimat mərasimi keçirilib. Lənkəran şəhər Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, millət vəkili Rüfət Quliyev, şəhid ailələrinin üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Öncə baş leytenant Həsənağa Abdullazadənin şəxsi əşyalarından ibarət sərgiyə baxış keçirilib. Daha sonra şəhid anası Abdullayeva Səmilə Əlisəməd qızının tərtibatı ilə hazırlanan “Zəfərimizin qəhrəmanı” kitabının təqdimatı baş tutub. Bildirilib ki, kitab şəhidin həyat və döyüş yolundan bəhs edir. Çıxış edən natiqlər qeyd ediblər ki, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların xatirəsinə həsr olunan tədbirlərin keçirilməsi, habelə onların həyat və döyüş yolu barədə gənc nəsilin məlumatlandırılması hər birimizin borcudur. Tədbirin bədii hissəsində şəhidlərimizin xatirəsinə həsr olunan şerlər səsləndirilib.
Şəhid baş leytenant H.Abdullazadə sağlığında “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalları ilə təltif edilib.
Vətən müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə “Rəşadət” ordeni, “Vətən uğrunda”, ”Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!