Şəhid Eşqin Cəfərzadənin doğum günü qeyd olunub
Aprelin 20-də Vətən müharibəsi şəhidi Cəfərzadə Eşqin Hamlet oğlunun doğum günü Lənkəran şəhər Heydər Əliyev Mərkəzində qeyd olunub. Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının, şəhid ailələrinin üzvlərinin, qazilərin, Vətən müharibəsi iştirakçılarının və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə baş tutan tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra şəhid Eşqin Cəfərzadəyə həsr olunan videoçarx nümayiş etdirilib. Çıxışçılar şəhid Eşqin Cəfərzadə haqqında xatirələrini, onun intizamlı, bilikli, nümunəvi və vətənpərvər olması barədə fikirlərini bölüşüblər. Torpaqlarımızın azadlığı uğrunda canını əsirgəməyən Eşqin kimi qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız var olduqca əziz tutulacağı qeyd olunub.
Xatirə tədbirində məktəblilərin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilib və şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.
Sonda Heydər Əliyev Mərkəzinin foyesində şəhidin təltiflərindən, foto-stendlərindən, şəxsi əşyalarından ibarət sərgiyə baxış keçirilib və xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, şəhid E.Cəfərzadə Vətən müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!