Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Şəhid Emil Qurbanovun xatirəsinə həsr olunan idman turniri keçirilib

30 avqust 2022 | 10:23

Avqustun 28-də Lənkəran Olimpiya İdman Kompleksində Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsi şəhidi Emil Qurbanovun xatirəsinə həsr olunan güc idman növləri üzrə turnir keçirilib. Dövlət himninin səsləndirilməsindən sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə giriş nitqi ilə çıxış edib. İcra başçısının müavini bildirib ki, şəhidimizin xatirəsinin əbədiləşdirilməsi, onların ailə üzvlərinin qayğı və diqqətlə əhatə olunması dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi nəzarətindədir. M.Cəfərzadə keçirilən idman yarışının gənclərin milli, mənəvi və vətənpərvərlik ruhunda böyüməsi istiqamətində mühüm əhəmiyyət daşıdığını qeyd edib. İcra başçısının müavini şəhid Emil Qurbanovun Azərbaycan Stronqmen Federasiyasının nümayəndəsi olduğunu xatırladaraq onun sözügedən idman növünün Cənub bölgəsində inkişaf etdirilməsində mühüm işlər görməsindən danışıb. Tədbirin rəsmi hissəsindən sonra idmançılar güclərini sınayıblar. Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışda 50-dən artıq gənc idmançı stritliftinq, didlift və benç-press növləri üzrə müxtəlif çəki dərəcələrində mübarizə aparıb. Yarışda yüksək nəticə göstərən və fərqlənən gənc idmançılar mükafatlandırılıblar. Qeyd edək ki, şəhid Emil Qurbanov cənab President İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Keçidlər