Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Şəhid Baloğlan Əhədlinin doğum gününə həsr olunan tədbir keçirilib

11 yanvar 2024 | 10:27

Yanvarın 10-da Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidi Baloğlan  Şakir  oğlu  Əhədlinin  doğum gününə  həsr olunan tədbir keçirilib. Tədbir iştirakçıları öncə Mərkəzin  foyesində   şəhid  Baloğlan  Əhədliyə  həsr  olunan  kitab, şəkil  və Fəxri  fərmanlardan ibarət  sərgi  ilə tanış olublar. Tədbirin rəsmi hissəsi şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət himninin səslənməsi ilə başlayıb. Daha sonra şəhidin döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib.

 Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, şəhidin təhsil aldığı Gəgiran kənd tam orta məktəbinin müəllim və şagirdləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Lənkəran ŞİH başçısı Taleh Qaraşov çıxışında bildirib ki, şəhidlərimizin xatirəsinin əziz tutulması, onların anılması hər birimizin mənəvi borcudur. Onun sözlərinə görə, dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə xüsusi tapşırıqlarına əsasən şəhid ailələrinin dövlət tərəfindən tam şəkildə qayğı ilə əhatə olunması, onların bütün problemlərinin həll edilməsi təmin edilir. İcra başçısı qeyd edib ki, Zəfərimizin qazanılmasında əvəzolunmaz payları olan şəhidlərimiz bizim qürur mənbəyimiz, iftixarımızdır ki, onların xatirələrinin gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın mənəvi borcudur. Taleh Qaraşov vurğulayıb ki, Azərbaycan xalqı və dövləti var olduqca şəhidlərimiz, onların xatirəsi və şəhid ailələrinə olan qayğı və diqqət daim davam edəcək.

Daha sonra çıxış edən şəhidin atası Şakir Əhədov, əmisi  Şəmşir  Əhədov, Gəgiran kənd tam orta məktəbinin tərbiyə işləri üzrə  direktor  müavini  Mehman Əliyev, Azərbaycan Yazıçılar  Birliyininin (AYB) Lənkəran   bölməsinin  sədri  Qafar  Cəfərli və digər natiqlər Vətən müharibəsində qazanılan qələbədə şəhidlərimizin göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Bildirilib ki, xalqımız bu gün alnıaçıq, üzüağ, məğrur və başıdik yaşayırsa, bunu hər şeydən əvvəl şəhidlərimizə borcludur. Natiqlər dövlətin şəhid adlarının əbədiləşdirilməsi istiqamətində atdığı addımların, habelə onların ailələrinə göstərilən diqqət və qayğının bütün cəmiyyət tərəfindən məmnunluqla qarşılandığını vurğulayıblar.

Şəhid atası çıxışında hər zaman dövlətin qayğısını hiss etdiklərini ifadə edib, bütün müraciətlərinə həssas yanaşıldığını vurğulayıb, bütün bunlara görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını qeyd edib.

Tədbirin sonunda şəhid ailələri ilə birgə xatirə şəkili çəkdirilib.

Keçidlər