Şəhərin Kələntərlilər və Mirsalayev küçələrinə yeni asfalt örtüyü döşənib
Lənkəran rayonunun yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) ardıcıl və məqsədyönlü tədbirlərini davam etdirir. Cari ildə tədbirlər planına uyğun olaraq şəhərin artıq bir neçə küçəsinə asfalt örtüyü döşənib və proses davam etdirilir.
Şəhərin bir neçə küçəsinin asfaltlanması üçün sentyabrın 26-dan etibarən hazırlıq işlərinə başlanılıb. Artıq Kələntərlilər və Mirsalayev küçələrində nəzərdə tutulan asfaltlanma işləri tamamlanıb.
Qeyd edək ki, il sonunadək davam edəcək asfaltlanma işləri nəticəsində ümumilikdə 21 küçənin asfaltlanması nəzərdə tutulub. Hazırda Əliağa Vahid və Mirzəfətəli Axundov küçələrində asfaltlanmanın başlanmasına hazırlıq işləri aparılır, gün ərzində küçələrə yeni asfalt örtüyünün döşənməsinə başlanılacaqdır.
Şəhərimizdə son günlərdə intensiv şəkildə aparılan abadlıq, quruculuq işləri, habelə asfaltlanma ilə bağlı şəhər İcra hakimiyyətinə çoxsaylı minnətdarlıq məktubları daxil olmaqdadır. Sakinlərimiz yol infrastrukturunun inkişafına və yeni yolların salınmasına görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə edirlər.