Şağlakücə və Ballabur kəndlərinin sakinləri Taleh Qaraşovun səyyar görüş-qəbuldan razı qalıblar
Fevralın 14-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Şağlakücə kənd inzibati ərazi dairəsinə daxil olan Şağlakücə kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar görüş-qəbulda icra başçısı ilə birlikdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.
Taleh Qaraşov səyyar görüş-qəbulun ölkəmiz üçün əlamətdar gündə keçirildiyini qeyd edib. İcra başçısı bildirib ki, növbədənkənar prezident seçkilərində böyük səs çoxluğu ilə inamlı qələbə qazanan cənab İlham Əliyevin fevralın 14-də andiçmə mərasimi keçirilib və cənab Prezident səlahiyyətlərinin icrasına rəsmi şəkildə başlayıb.
7 fevral növbədənkənar prezident seçkilərindən sonra ölkədə yeni dövrün başlandığını qeyd edən Taleh Qaraşov bildirib ki, cənab Prezident İlham Əliyev andiçmə mərasimində proqram xarakterli çıxışı zamanı yeni islahatların xalqın sosial rifah halının daha da yaxşılaşmasına xidmət edəcəyini vurğulayıb.
Daha sonra icra başçısı ötən görüş-qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinlərə məlumat verib. Bildirilib ki, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və obyektiv qaldırılan bütün məsələlər həllini tapıb, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb və bu barədə vətəndaşlara məlumat verilib.
İcra başçısı cənab Prezident İlham Əliyevin göstərişlərinə uyğun olaraq vətəndaşların müraciətlərinə daha həssas yanaşıldığını, vətəndaş məmnunluğunun təmin edilməsi üçün bütün mümkün imkanlardan istifadə oldunduğunu vurğulayıb.
Yerli insanlar yeni iqtisadi islahatların nəticələrini qalib xalqın nümayəndələri kimi gündəlik həyatlarında da hiss edəcəklərinə olan əminliklərini ifadə ediblər, buna görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.