Qurumba və Narbağı kəndlərinin sakinləri Taleh Qaraşovun səyyar qəbulundan razı qaldılar
Fevralın 15-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü Qurumba kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar qəbulda icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Görüşdə vətəndaşların maneəsiz, könüllü şəkildə fikir və istəklərini rayon rəhbərliyinə çatdırılmasına tam şərait yaradılıb. Lənkəran ŞİH-nin başçısı bildirib ki, heç bir müraciət diqqətdən kənar qalmır və qaldırılan bütün məsələlər şəxsən onun nəzarəti altındadır. Taleh Qaraşov yerlərdə görüşlərin keçirilməsinin, vətəndaşla sərbəst dialoqun qurulmasının, qaldırılan obyektiv məsələlərin ədalətli və zamanında həllinə nail olunmasının önəmindən danışıb. Qeyd olunub ki, dövlət başçısının bütün məmurlar qarşısında qoyduğu ən önəmli tapşırıqlardan biri kimi vətəndaş məmnunluğunun təmin edilməsi, insanların qayğı və problemlərinin öyrənilməsi, onların həlli istiqamətində uyğun mexanizmlərin işlənib hazırlanması baxımından yerlərdə keçirilən səyyar görüşlər xüsusi önəmə sahibdir.
Qəbul-görüşdə icra başçısı vətəndaşların sərbəst və könüllü müraciət etməsi üçün birbaşa dialoqun qurulması xəttinə üstünlük verməklə yerlərdə insanları narahat edən məsələlərin həllinə nail olmaqdan ötrü tədbirdə iştirak edən vəzifəli və cavabdeh şəxslərə konkret göstəriş və tapşırıqlarını verib.
Qarşılıqlı açıq dialoq şəklində baş tutan qəbul-görüşdə Qurumba və Narbağı kəndlərinin sakinləri onları narahat problemləri birbaşa icra başçısına söyləyə bildiklərinə, habelə onların həllindən ötrü səmimi yanaşma gördüklərinə görə təşəkkür ediblər. Kənd sakinləri dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqın hər bir fərdinin qayğılarına doğmalıqla yanaşdıqlarına görə onlara səmimi minnətdarlıqlarını ifadə ediblər.