Ombudsman və icra başçısı əsirlikdən azad olunan qazimizin toy şənliyində iştirak ediblər
Vətən müharibəsində şəhid olduğu haqda məlumat yayılan, daha sonra isə əsir düşdüyü müəyyənləşən Vəliyev Vəliəhəd Şakir oğlu dövlətimizin başçısı cənab İlham Əliyevin səyləri nəticəsində erməni əsirliyindən və girovluğundan azad olunmuşdu. Vətənə dönməyin xoşbəxtliyini yaşayan qazimizin dünən toy şənliyi keçirilib. Mötəbər qonaqlar sırasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov da olub. Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov və Ombudsman Səbinə Əliyevanın toy şənliyindəki iştirakı hər kəs tərəfindən böyük məmnunluqla qarşılanıb, ali siyasi rəhbərliyin yürütdüyü siyasət nəticəsində vətəndaşla məmur arasındakı qarşılıqlı səmimi münasibətlər, inam və hörmətin təzahürü kimi qiymətləndirilib. Taleh Qaraşov və Ombudsman Səbinə Əliyeva qazimizi təbrik ediblər, ona can sağlığı və ailə səadəti arzulayıblar. Bildirilib ki, qazilərimizə diqqət və qayğı ən ali səviyyədə həyata keçirilir. Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin üzvlərinə, qazilərimizə və Vətən müharibəsi iştirakçılarına olan həssas yanaşması, onları daim diqqətdə saxlaması ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Qeyd olunub ki, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına əldə etdiyimiz Zəfərə görə onlara borcluyuq. İstər şəhid ailələrinin, istərsə də qazilərimizin dai m yanındayıq, onların sevincinə şərik olub, kədərlərinə üzülürük. Bu, bizim mənəvi borcumuzdur. Yüksək ab-hava və coşquyla keçən toy şənliyində qazimizin yanında olan icra başçısı və Ombudsman rəqs edib, ailənin sevincinə şərik olub və sonda xatirə şəkilləri çəkdiriblər.
Allah xoşbəxt eləsin!