Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Milli Qurtuluş Günü Lənkəranda silsilə tədbirlərlə davam etdirilib.

15 iyun 2022 | 12:28

        29 il öncə bu gün, iyunun 15-də xalq daxili və xarici düşmənlər qarşısında əzimli və qətiyyətli duruş nümayiş etdirərək xilaskarını hakimiyyətə israrla dəvət edib. Ümummilli Lider Heydər Əliyev də ən ağır missiyanı üzərinə götürərək onu laiqincə yerinə yetirib və sözügedən tarix Milli Qurtuluş Günü kimi dövlətçilik təqviminə şanlı səhifə olaraq həkk olunub.

     Səhər saatlarından başlayaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin nümayəndələri və sıravi vətəndaşlar Ulu Öndərin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə tər çicəklər qoyaraq ona olan hörmət və ehtiramlarını ifadə ediblər. Daha sonra Heydər Əliyev müzeyi ziyarət edilib, sərgilənən eksponatlarla tanış olunub. Gün ərzində ictimaiyyət tərəfindən Ümummilli Liderin abidəsi və eləcə də muzeyi ziyarət edilib.

   Lənkəranda Milli Qurtuluş Günü ilə bağlı təhsil, səhiyyə, idman, gənclər, QHT-lər və mədəniyyət  müəssisələrinin, təşkilatlarının silsilə tədbirlərinin yekunu kimi iyunun 15-də Lənkəran Şəhər İcra Hakimiyyətinin konfrans zalında bu günün əhəmiyyəti, müasir dövlətimizin, çağdaş dövlətçiliyimizin və xalqımızın tarixindəki yeri və rolu barədə növbəti tədbir keçirilib. Ümummilli Liderin xatirəsinin 1 dəqiqəlik sükütla yad olunmasından sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov müstəqilliyimizin əldə olunması və Heydər Əliyevin 9 iyunda xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya qayıtması dövrünədək olan müddətdə ölkədə baş verən ictimai-siyasi mənzərə barədə geniş və təfərrüatlı çıxış edib. Tarixi dövrlər arasında paralellər aparan natiq bildirib ki, Bakıdan Naxçıvana olan “Qayıdış” və o vaxtkı Ali Sovetin sədri seçilməsilə “Qurtuluş” bu gün bizi qələbəyə aparan “Zəfər Yolu”nun bünövrəsini, ana sütununu təşkil edir. T.Qaraşov çıxışında Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısında həyata keçirdiyi çoxsaylı tarixi xidmətlərin ümumiləşmiş formada 3 istiqamətinə diqqəti cəlb edib.Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun qorunub saxlanılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində bərabər hüquqlu subyekt kimi iştirakının təmin olunması bu istiqamətlərin ən aparıcısıdır. İcra başçısı bildirib ki, varlığında və özündən sonra siyasi irs olaraq dövlətin ideya prinsiplərini formalaşdıran, ideoloji əsaslarını müəyyən edən Heydər Əliyev ən incə detallara qədər milli-mənəvi dəyərlərimizi, xalqın keçdiyi tarixi və qarşımızda duran başlıca vəzifələri nəzərə alıb. Dövlətin təməl prinsiplərindən sayılan varislik prinsipinin hakimiyyətin ideoloji, siyasi, iqtisadi baxımdan gələcək nəsillərə ötürülməsini özündə ehtiva etdiyini vurğulayan natiq bunun Ümummilli lider Heydər Əliyevin ideya rəhbəri və müəllifi olduğu ali qanunumuzda birbaşa təsbit olunduğunu qeyd edib. “Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır” deyən T.Qaraşov onun siyasi irsinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, dövlətin və dövlətçiliyin etibarlı və laiqli əllərdə olduğunu vurğulayıb.

      Daha sonra çıxış edən məruzəçilər Ümummilli Liderin siyasi hakimiyyətə qayıdışı zamanı ölkədə cərəyan edən proseslərə nəzər salıblar. Natiqlər dahi şəxsiyyətin dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalan dövlətimizi böyük siyasi ustalıqla bu girdabdan qurtardığına, balanslaşdırılmış xarici siyasət kursunu məharətlə yerinə yetirdiyinə,  dövlətçiliyin təməl hüquqi bazasının formalaşmasındakı müstəsna əməyinə və bütövlükdə çağdaş Azərbaycan dövlətini yenidən qurub yaratmasına diqqəti cəlb ediblər.

Keçidlər