Milli Qəhrəman Əsgər Əliyevin xatirəsi anılıb
Martın 17-i Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əsgər Ələkbər oğlu Əliyevin xatirəsi anılıb. Anım mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, ŞİH-nin əməkdaşları, ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İcra başçısı və tədbir iştirakçıları Milli Qəhrəmanın abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər, ruhuna ehtiramlarını ifadə ediblər.
Bildirilib ki, Ali Ümumqoşun Komandirləri Məktəbinin kursantı olmuş 20 yaşlı Əsgər Əliyevin qısa, lakin şərəfli ömür yolu, onun qəhrəmanlığı gənc nəsllərə örnəkdir. İcra başçısı qeyd edib ki, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan soydaşlarımızın arasında lənkəranlı gənclərin də olması burada qəhrəmanlıq ənənələrinin layiqincə davam etdirildiyini göstərir. “Vətən naminə mübarizədə ölümün gözünə dik baxmış hər bir soydaşımızın adı bizim üçün əzizdir” deyən Taleh Qaraşov illər ötsə də, Əsgər kimi əsgərlərimizin hünərinin tariximizdə parlaq nümunə olaraq qalacağını ifadə edib.
Tədbirdə Milli Qəhrəmanın atası Ələkbər Əliyev çıxış edərək ailəsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanəm Əliyevaya minnətdarlığını bildirib.
Sonda ŞİH başçısı Milli Qəhrəmanın doğmaları və tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkdirib.