Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lənkəranda olub
Oktyabrın 11-də Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero Lənkərana səfər edib. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov meksikalı diplomatla görüşüb. İcra başçısı xarici diplomata Lənkəran rayonunun coğrafi mövqeyi, təbiəti, flora və faunası, tarixi, mədəniyyəti, turizm potensialı və sosial-iqtisadi inkişafı barədə geniş və əhatəli məlumat verib. Taleh Qaraşov Azərbaycanla Meksika arasındakı münasibətlər barədə bildirib ki, ölkələrimiz arasında coğrafi məsafənin uzaq olması baxmayaraq, əməkdaşlıq üçün geniş imkanlar mövcuddur və ölkələrimiz dövlət başçısı cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir.
İcra başçısı ölkələrimiz arasındakı əlaqələrin bölgələr və şəhərlər arasında inkişaf etdirilməsinin önəmi barədə də danışıb. Taleh Qaraşov qarşılıqlı turizmin inkişafının, elm və təhsil sahəsində tələbə mübadiləsinin və mədəni tədbirlərin həyata keçirilməsinin bu istiqamətdə əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb.
Xanım səfir ölkələrimiz arasındakı diplomatik münasibətlərin daha da inkişaf etidilməsində maraqlı olduqlarını qeyd edib. Onun sözlərinə görə, hər iki ölkə rəhbərliyinin bu istiqamətdəki iradəsi eynidir və əməkdaşlıq üçün çoxlu imkanlar mövcuddur, enerji, investisiyalar, elm, təhsil sahələrində geniş potensial var. Meksikalı diplomat ölkələrimiz arasında mövcud olan müqavilələr çərçivəsində, xüsusilə elm və təhsil sahəsində bu imkanlardan istifadə olunmasının mümkünlüyündən danışıb.
Daha sonra meksikalı xanım diplomat səfər çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) “Meksika memarlığının şah əsərləri” adlı fotosərgidə iştirak edib, “Yaşıl çay” FT-nin çay plantasiyası və “Azərxalça” ASC-nin Lənkəran filialı ilə tanış oub.