Liman şəhərinin 2042-ci ilədək inkişafına dair Baş planı təsdiq edilib
Sentyabrın 9-da Baş nazirin 250 №-li Qərarı ilə “Liman şəhərinin 2042-ci ilədək inkişafına dair Baş planı” təsdiq edilib. Qeyd edək ki, cari ilin mayın 5-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) inzibati binasında Liman şəhərinin Baş planının yekun layihəsinin ictimai müzakirəsi keçirilmişdir. Şəhərin uzun müddətli perspektiv inkişafını təyin edən əsas şəhərsalma sənədi kimi Liman şəhərinin Baş planında əhalinin artım səviyyəsinə əsasən rahat həyat şəraitinin təmin edilməsi üçün müasir yaşayış komplekslərinin inşası, mövcud şəhər infrastrukturunun təkmilləşdirilməsi, həmçinin iqtisadi imkanların genişləndirilməsi və sakinlərin məşğulluğunun təmin edilməsi üçün sənaye ərazilərinin yenidənqurulması, ictimai-işgüzar zonaların yaradılması planlaşdırılır. Qeyd edək ki, Baş planda nəzərdə tutulan perspektiv inkişaf planının icra olunması fəaliyyət növlərinə görə zamanla mərhələlərlə həyata keçirilir.





