Lənkəranın icra başçısı şəhidlərimiz Elməddin Məmmədli və Murad Abbasovun anım günündə məzarlarını ziyarət edib
“Vətən sevgisinin ən kamil formasını məhz şəhidlər yaşamaqla ən ali zirvəyə yüksəlirlər”. Bu sözləri Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov oktyabrın 24-də şəhid Məmmədli Elməddin Anar oğlunun və Abbasov Murad Vasif oğlunun il dönümləri ilə bağlı məzarlarını ziyarət edərkən bildirib. İcra başçısı bütün anım mərasimlərində olduğu kimi ziyarət etdiyi qəbiristanlıqdakı şəhidlərimizin hər birinin məzarını ayrı ayrılıqda ziyarət edib, məzarları önünə gül dəstələri düzüb, ruhlarına dualar edib. Taleh Qaraşov bildirib ki, yerli insanların şəhidlərimizə göstərdiyi diqqət və ehtiram bir çox xalqlar üçün nümunə təşkil edir. Onun sözlərinə görə, milli birliyimizin rəmzinə çevrilən şəhidlərimizin anım günlərində də xalqımız Vətən müharibəsində olduğu kimi eyni duyğu və istəklə iştirak edir. “Şəhid ailələrinə hörmət göstərilməsi artıq cəmiyyətin adi davranış etalonuna çevrilib və bu, insanların daxili istəklərindən gələn davranışdır” deyən Taleh Qaraşov istənilən məsələ ilə bağlı hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb. İcra başçısı şəhid ailələrinin üzvləri ilə bütün məclislərdə fərdi qaydada söhbət edir, qayğı və istəklərini dinləyir, onların xüsusi hörmətə laiq olduğunu şəhid ailələrinə olan münasibəti ilə əyani şəkildə ifadə edir. Şəhid ailələri də öz növbələrində Taleh Qaraşovun səmimi və içdən olan davranışlarına görə ona minnətdar olduqlarını vurğulamaqla bərabər, bildiriblər ki, bu, vətəndaşla dövlət məmurları arasında münasibətlər üçün nümunə təşkil edir.
Qeyd edək ki, şəhidimiz Məmmədli Elməddin Anar oğlu ölümündən sonra dövlət başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidimiz M.Abbasov ölümündən sonra Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”,”Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!