Lənkəranın İcra başçısı növbəti səyyar qəbulunu ucqar dağ kəndi olan Günəhir kəndində keçirdi
Vətəndaşlara xidmət və onların müraciətlərinə həssas münasibət göstərilməsi cənab Prezident İlham Əliyev tərəfindən bütün dövlət məmurları qarşısında qoyulan prioritet məsələlərdəndir. Yerlərdə vətəndaşların müraciətlərinə birbaşa və vasitəçi olmadan baxılması üçün Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü iyunun 22-də Günəhir, Türkəncil və Qodəsə kəndlərinin sakinləri ilə keçirib. İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin həyətində açıq havada baş tutan səyyar qəbul-görüşdə İcra başçısı birlikdə İcra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.
Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunduğu tədbiri giriş sözü ilə açan T.Qaraşov dövlətimizin başçısının göstəriş və tövsiyələrinə uyğun olaraq vətəndaşların müraciətlərinə həssas yanaşılması istiqamətində məmurların yerlərdə insanlarla üzbəüz dialoq qurmasının önəmini qeyd edib. Ölkə başçısının uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının dayandığını vurğulayan natiq eyni zamanda bildirib ki, sosial müdafiə və aktiv məşğulluq proqramlarının uğurla davam etdirilməsi, habelə əhəmiyyətli dərəcədə genişlənməsi və sosial təminat sisteminin dəfələrlə güclənməsi sözügedən məqsədə xidmət edir. İcra başçısı Vətən müharibəsi iştirakçılarının qayğı və problemləri ilə yaxından maraqlanıb, onların həlli istiqamətində yerində göstərişlərini verib. Kənd əhalisinin qaldırdığı bütün müraciətlər həssaslıqla dinlənilib, onların həlli istiqamətində aidiyyəti üzrə qurumlara tapşırıqlar verilib. T. Qaraşov yerli insanları narahat edən heç bir məsələyə biganə qalınmayacağını və qaldırılan məsələlərin həlli ilə bağlı vətəndaşlara qanunamüvafiq müddətdə cavablar veriləcəyini qeyd edib. İcra başçısı dövlət və vətəndaş arasında münasibətlərin və qarşılıqlı etimadın əyani vasitəsi olan vətəndaş müraciətlərinə baxılmasında şəffaflığın və nəzarətin gücləndirilməsinin xüsusi önəm kəsb etdiyini vurğulayıb.
Kənd əhalisi də hər kəsə fikir və istəklərini sərbəst şəkildə söyləyə bildikləri üçün yaradılan şəraitə görə məmnuniyyətlərini və təşəkkürlərini ifadə ediblər. Yerli sakinlər çıxışlarında dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildiriblər və buna görə onlara minnətdarlıqlarını ifadə ediblər.