Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın “Gənclər Paytaxtı”nın rəsmi açılış mərasimi keçirilib

02 fevral 2024 | 13:10

    Fevralın 2-si “Gənclər Günü”ndə Lənkəran şəhər Heydər Əliyev Parkında  Lənkəranın “Gənclər Paytaxtı” seçilməsinə həsr olunan tədbir keçirilib. Tədbİrdən öncə gənclər və idman naziri Fərid Qayıbov, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb və xatirəsini ehtiramla anıblar.

    “Gənclər Paytaxtı”nın rəsmi açılış mərasimi Dövlət himninin səslənməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov giriş nitqi ilə çıxış edib. İcra başçısı 2024-cü ilin Lənkəranın tarixində və lənkəranlılar üçün yadda qalan, tarixdə iz buraxacaq illərdən olacağını vurğulayıb. Lənkəranın həm “Gənclər Paytaxtı”, həm də “2024-cü il Türk Dünyasının Gənclər Paytaxtı” seçilməsinin sevindirici olduğunu qeyd edən Taleh Qaraşov hadisənin önəmindən danışıb. Natıq gənclərin cəmiyyətin ən dinamik təbəqəsi olduğunu, onların sosial-psixoloji vəziyyətinin, həyat və fəaliyyət şəraitinin ölkənin maddi və mənəvi tərəqqisinə bilavasitə təsir göstərdiyini ifadə edib. “Azərbaycan gəncliyi tarixin bütün dövrlərində cəmiyyətin həyatında mühüm rol oynayıb” deyən icra başçısı lənkəranlı gənclərin də ölkənin taleyüklü məsələlərində hər zaman irəlidə olduqlarını, fəal mübarizəyə qoşulduqlarını bildirib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan gənclər siyasətinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan Taleh Qaraşov Azərbaycan gəncliyinin də onlara göstərilən diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk etdiyini, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verdiyini bildirib. Onun sözlərinə görə, cəmiyyətin fəal hissəsini təşkil edən gənclər 44 günlük Vətən müharibəsində də ön sralarda olublar və müharibədə şəhid olanların böyük əksəriyyəti məhz gənclərimiz olub.

    Gənclər və idman naziri Fərid Qayıbov “Gənclər Paytaxtı”nın elan olunmasının önəminə toxunaraq bildirib ki, əsas məqsəd regionlarda gənclərlə işin daha da canlandırılması və inkişafına şəraitin yaradılmasıdır. Onun sözlərinə görə, 1 il müddətinə seçilən “Gənclər Paytaxtı” nda gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin etmək, onların intellektual və yaradıcılıq potensialını artırmaq əsas şərtlərdən biridir. Bu seçim gənclərin imkan və bacarıqlarının nümayişinə, yaranan ideyaların reallaşdırılmasına, sosial problemlərinin həllinə daha böyük diqqət verir. Nazir bildirib ki, cari ildə Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış Tədbirlər planına əsasən Lənkəran şəhərində ardıcıl tədbirlərin, toplantıların və festivalların keçirilməsi planlaşdırılıb.

    Daha sonra nazir Fərid Qayıbov “Gənclər Paytaxtı”nın rəmzi açarını Lənkəran ŞİH başçısına təqdim edib. Qeyd edək ki, tədbirdə Prezident mükafatçıları da təltif olunublar, xatirə şəkili çəkdiriblər.

    Prezident mükafatçısı, Hərbi Qənimətlər parkının meneceri, Vətən müharibəsi iştirakçısı, lənkəranlı gənc Orucəli Abbaszadə də çıxış edərək dövlətin gənclərə göstərdiyi qayğıdan danışıb.

   Rəsmi hissədən sonra Xalq artisti Miri Yusifin,  gənc müğənnilər Cehyun Səmədov, Memi Həsənzadə, “Nənələr” folklor qrupunun və Mərdan qrupunun iştirakı ilə konsert proqramı təşkil olunub, sonda atəşfəşanlıq keçirilib.

 

Keçidlər