Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “Heydər Əliyev İli” çərçivəsində Gənclər Gününə həsr olunan tədbir keçirilib

02 fevral 2023 | 15:56

     26 ildir ki, 2 Fevral-Gənclər Günü kimi ölkəmizin bütün ərazilərində, o cümlədən Lənkəran şəhərində də geniş şəkildə qeyd olunur. Səhər saatlarında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və rayonun bir qrup ictimai fəal gənci Ümummilli Lider Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib və önünə tər güllər düzüblər. Daha sonra şəhərin mərkəzi meydanındakı geniş ekranda Ulu Öndərin gənclərə səslənişini özündə əks etdirən video çarx nümayiş olunub. Gənclər Gününə həsr olunan tədbir Lənkəran Olimpiya İdman Kompleksində baş tutub. Lənkəran Şəhər İcra Hakimiyyəti və Lənkəran şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda keçirilən tədbir dövlət himninin səslənməsi ilə açıq elan edilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında cəmiyyətin tərəqqisinin dövlətin gənclər siyasətini düzgün müəyyənləşdirməsindən və həyata keçirməsindən birbaşa asılı olduğunu vurğulayıb. 80-ci illərin sonu 90-cı illərin əvvəlində ölkəmizdə baş verən ictimai-siyasi prosesləri analiz edən natiq o dövrdə qeyri-sabitlik şəraitində dövlət səviyyəsində gənclərlə bağlı heç bir işin aparılmadığını ifadə edib: “Yalnız 1993-cü ilin iyununda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra Azərbaycan anarxiya və özbaşınalıq məngənəsindən çıxa bildi və  Ulu Öndərin qayıdışı ilə böyüməkdə olan nəslin və gənclərin mənəvi-etik tərbiyəsinin möhkəmləndirilməsi məsələsi dövlət siyasətinin mühüm istiqamətinə çevrildi. Aydın strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanları milli maraqlarımızın müdafiəsinə səfərbər edildi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaradıldı”. Çıxışında Ümummilli Liderin gənclər siyasəti ilə bağlı gördüyü işlərə geniş şəkildə toxunan Taleh Qaraşov bildirib ki, yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərini müəyyənləşdirilməsi, gənclər siyasətini həyata keçirən dövlət strukturlarının və normativ-hüquqi bazanın formalaşdırılması Heydər Əliyevin dövlət rəhbəri kimi çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən olub.

    Azərbaycan gəncliyinin hər zaman Umummilli Liderin bütün çağırışlarına səs verdiyini söyləyən icra başçısı Ulu Öndərin onlardan razılığını ifadə etdiyini xatırladıb. Ümummilli Lider deyirdi: “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”

   “Gənclik hər bir ölkənin gələcəyinin təməlidir” deyən Taleh Qaraşov bildirib ki, gəncliyin yüksək intellektual biliyə, sağlam ruh və bədənə malik olması, mənəvi və milli dəyərlərə sədaqət ruhunda tərbiyə edilməsi hər bir dövlətin milli prioritet istiqamətlərindən sayılır. Gənc nəslin düzgün yetişdirilməsinin ölkə siyasətində önəmli yer tutduğunu vurğulayan natiq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində Azərbaycan gənclərinin bütün sahələrdə özlərini doğruldutduğunu ifadə edib: ”Ulu Öndər tərəfindən formalaşdırılan gənclər siyasətinin baza və ideoloji prinsipləri cənab Prezident İlham Əliyev tərəfindən mövcud ənənələr əsasında daha da təkmilləşirib”.

     Gənclərimizin son dövrlərdəki bütün sahələr üzrə qazandıqları uğurları barədə danışan natiq bildirib ki, 44 günlük Vətən müharibəsində şəhid olanların böyük əksəriyyəti məhz gənclərimiz olub. Onun sözlərinə görə, bu günki gəncliyimiz Vətən uğrunda canını düşünmədən fəda edən və qələbəmizi şərtləndirən “Qalib Gənclik”dir.

    Tədbirin bədii hissəsində Nənələr folklor qrupunun və lənkəranlı gənc ifaçıların musiqiləri təqdim olunub. Sonda icra başçısı Taleh Qaraşov bir qrup lənkəranlı gənci ictimai həyatda fəal iştirak etdiklərinə görə Lənkəran Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və xatirə hədiyyələri ilə mükafatlandırıb, bayram tortunu gənclərlə birgə kəsib və xatirə şəkli çəkdirib.

     Əziz gənclər və ruhu gənc olanlar, bayramınız mübarək!

Keçidlər