Lənkəranda “Zəfər Günü” adlı konsert və atəşfəşanlıq keçirilib
09 noyabr 2023 | 17:40
Noyabrın 8-də Heydər Əliyev Fondunun dəstəyi, Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Lənkəran şəhəri, Heydər Əliyev Xatirə Parkında “Zəfər Günü”nə həsr olunan konsert proqramı təşkil olunub. Qeyd edək ki, 8 Noyabr- Zəfər Günü ilə bağlı respublikanın bütün ərazilərində olduğu kimi Lənkəranda da silsilə tədbirlər, o cümlədən viktorinalar, bilik yarışları, rəsm sərgiləri, idman turnirləri, elmi konfranslar və teatr tamaşaları keçirilib. “Yaddaş saatı” aksiyası çərçivəsində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları ziyarət olunub.
“Zəfər Günü” həsr olunan silsilə tədbirlərin yekunu kimi baş tutan konsert proqramına Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, Milli Məclisin deputatı Ziyafət Əsgərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, qazilər, Vətən müharibəsi iştirakçıları, habelə ictimaiyyətin nümayəndələri də qatılıblar. Konsert proqramında Respublikanın Əməkdar artisti Yusif Mustafayev, Aygün Şükürova, Rübail Əzimov, Cavad Rəcəbov, İmanverdi Ağayev, Rüfət Ağayev, Qurban Nəzərov, Əsəd Məmmədov, Humay Rzayeva və yerli özfəaliyyət kollektivləri çıxış ediblər.Konsert atəşfəşanlıqla başa çatıb.
Bayramınız mübarək!