Lənkəranda “Zəfər carçıları” adlı sənədli filmin nümayişi keçirilib
Dekabrın 14-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsinə və lənkəranlı şəhidlərə həsr olunan “Zəfər carçıları” adlı sənədli film nümayiş olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran şəhər Böyük bazar “Cümə” Məscidi dini icmasının təşkilatçılığı ilə baş tutan təqdimat mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Vətənin azadlığı uğrunda canını fəda edən qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Şəhidlərimiz and yerimizdir” layihəsi çərçivəsində ərsəyə gələn sənədli film əsasən 3 istiqamət üzrə səhnələşdirilib. 44 dəqiqəlik filmdə Lənkəranın tarixinə, lənkəranlı gənclərin Vətən müharibəsindəki qəhrəmanlıqlarına və multukultural dəyərlərin qorunub saxlanılmasına, habelə müxtəlif xalqların nümayəndələrinin əsl vətənpərvər kimi “Dəmir Yumruq” ətrafında sıx birləşərək doğma torpaqların azad olunmasındakı birgə roluna diqqət çəkilib. Böyük maraqla izlənən sənədli filmdə II Qarabağ müharibəsində şəhid olan hər bir lənkəranlının iftixarımız və qürur mənbəyimiz olduğu vurğulanıb.