Lənkəranda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində elmi-praktik konfrans keçirilib
Lənkəran Şəhər İcra Hakimiyyətin (ŞİH) dəstəyi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran rayonu üzrə təhsil sektoru və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması istiqamətində Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda yeniyetmə və gənclər üçün elmi-praktik konfrans keçirilib. Lənkəran Şəhər Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması, suverenliyimizin və sərhədlərimizin qorunması uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Lənkəran regional “ASAN xidmət” Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya İdarəsi və Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin tərəfdaşlığı ilə baş tutan tədbirdə Lənkəran ŞİH başçısının müavini Ülviyyə Əliyeva, Lənkəran - Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Lənkəran rayonu üzrə Təhsil Sektorunun müdiri Elman Rzayev çıxış edərək konfransın şagirdlərimiz üçün önəmindən danışıblar. Bildirilib ki, belə tədbirlərin keçirilməsi şagirdlərimizin öz üzərlərində işləməsinə, elmi araşdırma aparmalarına və gələcək nəslin daha potensiallı kadrlar kimi yetişməsinə öz töhfəsini verir. Eyni zamanda qeyd olunub ki, konfransın məqsədi "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin tövsiyələrinə əsasən yeniyetmə və gənclərin ətraf mühitin mühafizəsində iştirakının artırılmasından ibarətdir.
Tədbirdə "Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlardan olasınız" adlı videoçarx nümayiş etdirilib, "Ay lolo" folklor rəqs qrupu və bağçalar öz rəqslərini təqdim ediblər, müxtəlif əl işləri sərgilənib və ekoloji mövzuda təqdimatlar olunub.
Sonda şagirdlər diplomla və müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılıb.