Lənkəranda YAP-ın təsis edilməsinin 30 illik yubileyilə bağlı konfrans keçirilib
Noyabrın 14-də Lənkəranda Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illik yubileyi ilə bağlı konfrans keçirilib. Tədbirdə YAP sədrinin müavini Əli Əhmədov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Milli Məclisin deputatı Cavanşir Paşazadə və YAP Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev iştirak ediblər. Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət ediblər, abidə önünə tər güllər düzüblər, hörmət və ehtiramlarını ifadə ediblər.
Dövlət himninin səslənməsi ilə başlayan konfransda Vətənin azadlığı uğrunda canından keçən qəhrəman övladlarımızın və Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev tədbiri giriş sözü açaraq partiyanın və eləcə də rayon təşkilatının 30 il ərzində gördüyü işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
YAP sədrinin müavini Əli Əhmədov çıxışında siyasi təşkilatın yaranma dövrünə, partiyanın inkişaf mərhələlərinə və qarşıda duran vəzifələrə diqqəti cəlb edib. Geniş və əhatəli çıxış edən natiq bildirib ki, YAP-ın tarixində ən böyük uğur Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə qazandığımız Zəfərə nail olunmasıdır: “Müasir, müstəqil ölkəmizin tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü - qüdrətli dövlətə çevrilməsi bilavasitə YAP ilə bağlıdır. Ulu Öndərin siyasi mirası olan YAP yarandığı gündən bu günədək nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçib. Ümumxalq partiyasına çevrilən YAP ölkəmizin siyasi, iqtisadi, ictimai və demokratik inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib, çox mühüm tarixi təşəbbüslərə və müvəffəqiyyətlərə imza atıb”. YAP sədrinin müavininin sözlərinə görə, Qarabağda artıq qurucluq-bərpa işləri aparılır, bu istiqamətdə də YAP üzvləri və fəalları aktiv şəkildə çalışırlar.“Vətən müharibəsindən sonrakı dövrdə yeni reallıqlar, çağırışlar yaranıb” deyən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, heç zaman dövlətə qarşı müxalifət mövqeyində olmayan, milli maraqları hər şeydən üstün tutan YAP-ın da qarşısında ictimai-siyasi öhdəliklərin layiqincə yerinə yetirilməsi baxımından mühüm vəzifələr dayanır. Qeyd olunub ki, YAP cəmiyyətimizdə formalaşmış ictimai-siyasi birliyimizin rəhnidir. Yeni dövrün reallıqlarına uyğun olaraq siyasi inkişafa xidmət edən islahatların aparılması, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması, milli birliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyinin daha da gücləndirilməsi, “Böyük Qayıdış”ın - layiqli və dayanıqlı məskunlaşmanın həyata keçirilməsi, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsi və digər milli məqsədlər strateji prioritetlər kimi müəyyənləşdirilib.Milli Məclisin deputatı Cavanşir Paşazadə, YAP Lənkəran rayon təşkilatının veteran üzvü Əlimərdan Əliyev və digər çıxış edən natiqlər də YAP-ın yaranma zərurəti, ötən 30 il ərzində ölkənin ictimai-siyasi həyatında oynadığı roldan, yeni dövrün tələblərinə uyğun olaraq üzərinə düşən vəzifələrdən danışıblar. Sonda bir sıra YAP fəallarına fəxri fərmanlar və yeni üzvlərə üzvlük vəsiqələri təqdim edilib.