Lənkəranda Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb
Fevral ayının 26-da səhər saatlarında Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Lənkəran şəhərinin mərkəzində Azərbaycanlıların soyqırımı qurbanları xatirə parkındakı “Ana” heykəli qarşısında anım mərasimi keçirilib. Mərasim zamanı Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, hərbi hissələrin şəxsi heyəti abidə-kompleksi önünə gül-çiçək dəstələri düzərək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.
Xocalı soyqırımının ildönümü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil və mədəniyyət müəssisələrində xatirə gecələri, rəsm və kitab sərgiləri təşkil olunub.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə 106 qadını, 63 uşağı və 70 nəfər yaşlı insanı, ümumilikdə 613 nəfəri qətlə yetirib, 1275 sakini girov götürüblər, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb. Xocalı şəhəri yerlə-yeksan edilib. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edilib və onlardan 76 nəfəri uşaq olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirib.